Millət vəkili Q.Paşayevanın Dağlıq Qarabağ problemi ilə bağlı kitabı Tovuzda məktəblərdə təqdim olunub.
Millət vəkli Qənirə Paşayevanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəllifi olduğu kitabın Tovuz rayonunun bir sıra məktəblərində təqdimatı olub. Təqdimat zamanı millət vəkili məktəblilərlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş söhbətlər edib. Q.Paşayeva hər bir gəncimizi orta məktəb illərindən tariximizi, Azərbaycan həqiqətlərini yaxşı öyrənməyə çağırıb.
O, bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini bilməlidir. Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva onlara Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş məlumatlar verib və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir. Mən hesab edirəm ki, gənclər tələbə adını qazanmaq üçün bütün qruplar üzrə riyaziyyat fənni ilə bərabər, Azərbaycan tarixi fənnində də imtahan versələr yaxşı olar deyən millət vəkili Qənirə Paşayeva bu təklifi bir neçə dəfə səsləndirdiyini deyərək bildirib ki, Azərbaycan tarixi hər bir gəncimizin ən yaxşı oxuduğu fənn olmalıdır söyləyib.
Məktəblilərin Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızla bağlı suallarını da cavablandıran Q. Paşayeva onlara bu gün Ermənistan adlı dövlətin üzərində qurulduğu tarixi torpaqlarımızı və oradakı tariximizi də dərindən öyrənməyə və sosial media, şəbəkələrdə daim Azərbaycan həqiqətlərinin yayılmasında aktiv olmağa çağırıb. Qənirə Paşayeva görüşdə iştirak edən hər bir məktəbliyə "Dağlıq Qarabağ münaqişəsi Avropanın təhlükəsizliyinə başlıca təhdid kimi" adlı kitabını imzalı hədiyyə etməklə yanaşı, onlara Azərbayvan tarixi, işğal altında olan torpaqlarımızla bağlı kitablar, əsərlər hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən,onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. O, uşaqları daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”