Sinop Universiteti rektor Qənirə Paşayevanın ortaq konfranslar təklifini dəstəklədi
Millət vəkili Qənirə Paşayeva Sinop Universiteti rektoru Prof. Dr. Nihat Dalgın və universitetdə təhsil alan gənclərlə görüşüb. Görüşdə Qənirə Paşayeva qondarma erməni soyqırımı yalanlarına qarşı aparılan mübarizənin daha da güclənməli olduğunu deyib. Millət vəkilini Sinopda salamlamaqdan məmnunluğunu ifadə edən universitetin rektoru prof. Dr. Nihat Dalgın qardaş ölkə olan Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. O, rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və Sinop Universitetində təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığının getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Sinop Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Sinop Universitetində təhsil alan tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Sinop Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını deyib. Millət vəkili rektora Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb və Q.Paşayeva bu mövzularla bağlı universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərə, konfranslara ehtiyac olduğunu deyib. Millət vəkili Q.Paşayeva Universitetdə Qarabağ mərkəzi yaradılması təklifi ilə də çıxış edib. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva Sinop Universiteti rektoru Prof. Dr. Nihat Dalgına və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, həmçinin özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və digər kitablarını hədiyyə edib və onu Azərbaycana dəvət edib. Sinop Universiteti rektoru dəvəti məmnuniyyətlə qəbul edib və rəhbərlik etdiyi universitet ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf edəcəyini deyib və millət vəkilini universitetdə konfranslar verməyə dəvət edib. Dəvət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva həmçinin Sinop Universitetində təhsil alan bəzi azərbaycanlı tələbələrlə də görüşüb və onlarla geniş söhbətlər edib. Görüşdə millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların da üzərinə böyük vəzifələr düşdüyünü bildirib. Qənirə Paşayeva Universitetin gəncləri, Türk və Əqraba Öyrənci topluluğunun rəhbərliyi və üzvləri ilə geniş görüşündə isə bildirib ki, ermənilər və onların havadarları qondarma erməni soyqırımı yalanları ilə, həm də Ermənistanın Qarabağda, Xocalıda törətdiyi soyqırımı, vəhşilikləri ört-basdır etmək istəyir və buna imkan verilməməlidir. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib və onları sosial şəbəkələrin təqdim etdiyi imkanlardan da geniş istifadə etməyə çağırıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva tələbələrə “Karabağ hikayeleri”ni hədiyyə edib.