Millət vəkili Q.Paşayeva Nobel Sülh mükafatçısı Tavakkol Karmanla köçkün qadınlarımızdan danışıb.
Millət vəkili Q.Paşayeva Yəmən əsilli Nobel Sülh mükafatçısı, jurnalist, siyasətçi, insan haqları üzrə müdafiəçi Tavakkol Karmanla görüşüb. Millət vəkili Q.Paşayeva görüş zamanı Azərbaycanda multukulturalizm, qadınların cəmiyyətdə rolu,öz evinə dönə bilməyən köçkün qadınlarımızdan da danışıb və dünyanın hər yerində fəal qadınların onlara dəstəyinin daha da artmasının önəmindən danışıb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktı barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili Qənirə Paşayeva Nobel Sülh mükafatçısı Tavakkol Karmana Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu və materialları təqdim edib. Qənirə Paşayeva Nobel Sülh mükafatçısı Tavakkol Karmanı hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları Azərbaycana dəvət edib.