Millət vəkili Qənirə Paşayeva Müstəqillik Gününü uşaqlarla birlikdə qeyd etdi və sağlam uşaqlar sağlam gələcək deməkdir deyərək onları sağlam həyat tərzinə səslədi.
Tovuzda “Turan” futbol klubunun stadionunda rayon icra başçısı T.Zeynalovun, millət vəkili Qənirə Paşayevanın, rayon Gənclər və İdman İdarəsinin, klub rəsmilərinin və AFFA təmsilçilərinin iştirakı ilə 18 oktyabr Müstəqillik Günü münasibəti ilə "Açıq Əyləncəli Futbol Məktəbi" tədbiri keçirilib. Tədbir çərçivəsində rayon və kənd məktəblərindən yeniyetmələrə və məşqçi müəllimlərə futbol inventarları paylanılıb. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva tədbir iştirakçılarını bayram münasibəti ilə salamlayıb və AFFA-ya onun xahiş və təkliflərini nəzərə alaraq belə bir tədbirin bayram günündə ön cəbhə rayonu olan Tovuzda keçirilməsinə dəstək olduqları üçün təşəkkürünü bildirib. Millət vəkili Qənirə Paşayeva bu cür tədbirlərin çoxlu sayda uşaqları sevindirməklə yanaşı onların idmana, futbola daha çox meyilləndiriməsi istiqamətində önəmindən də danışıb. O, gəncləri zərərli vərdişlərdən siqaretdən, alkoqolizmdən, narkomaniyadan, qumaq oyunlarından uzaq durmağa çağırıb və bildirib ki, bu cür zərərli vərdişlər insanı məhvə doğru aparır. Uşaqları fiziki sağlamlıqlarına böyük önəm verməyə, idmanla məşğul olmağa çağıran millət vəkili Qənirə Paşayeva onlara dərslərinə və mənəvi sağlamlıqlarına da böyük önəm verməyə çağırıb. Ümid edirəm ki, sizin aranızdan nəinki rayonumuzun, eləcə də ölkəmizin adını ucaldacaq idmançılar, futbolçular da yetişəcək deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanda gənclər üçün idman sahəsində yaradılmış imkanlardan da söz açıb və uşaqlara uğurlar diləyib. Rayon icra hakimiyyətinin başçısı T. Zeynalov, rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi, AFFA təmsilçiləri də gəncləri təbrik edib və onlara uğurlar diləyib. Görüşün sonunda millət vəkili hər bir kənd və məktəbdən gəlmiş heyətlə ayrıca görüşərək söhbətlər edib, uşaqlara tövsiyyələrini verib və hər birinə uğurlar diləyib.