Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti ilə görüşüb

Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti ilə görüşüb

Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İ.Natividadla köçkün qadınlardan danışıb.


Görüş zamanı millət vəkili Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verib. Millət vəkili xüsusilə Azərbaycan həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə də bağlı Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada geniş məlumatlar verib.

Millət vəkili Qənirə Paşayeva 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar vermişdir. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

Qənirə Paşayeva Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvələrində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdriən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu və materialları da Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada təqdim edib.

Millət vəkili Ümumdünya Qadın Sammitinin prezidentinə həmçinin Azərbaycan mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib. Millət vəkili Qənirə Paşayeva Ümumidünya Qadın Sammitinin prezidenti İrene Natividadı hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onu Azərbaycana dəvət edib.

Ümumidünya Qadın Sammitinin prezidenti İrene Natividad Azərbaycana səfər etməkdən məmnun olacağını bildirib və rəhbərlik etdiyi təşkilatın münasibətlərin inkişafına böyük önəm verdiyini deyib.

Xəbər 330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR