Millət vəkili Q.Paşayeva MM-də orqan transplantasiyası və ictimai yerlərdə siqaretin qadağan edilməsi ilə bağlı vacib təkliflərlə çıxış edib.
Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva ictimai yerlədə siqaret çəkilməsinin qadağan edilməsi haqqında qanun layihəsinin MM-in müzakirəsinə çıxarılmasını təklif edib. "Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında müzakirələr zamanı çıxış edən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə:” Azərbaycanda "İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanunun qəbul edilməsinə ehtiyac var və bu qanunun artıq müzakirəyə çıxarılması və qəbul edilməsi vacibdir. Dünyanın əksər ölkələrində əhalinin siqaret çəkməyən hissəsini bu cür mənfi təsirdən qorumaq məqsədilə ictimai yerlərdə siqaret çəkməni qadağan edən qanunlar qəbul edilirlər”. Dünyanın əksər ölkələrində bununla bağlı qanunun olduğunu deyən millət vəkili Q.Paşayeva "İctimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi haqqında” qanun layihəsinin sosial siyasət komitəsində hazır olduğunu deyərək yaxın zamanlarda onun Milli Məclisin müzakirəsinə çıxarmağı təklif edib. Bu qanunun qəbulunun vacibliyi ilə bağlı mütəxəssislərin fikirlərini səsləndirən millət vəkili Q.Paşayeva insanlarımızın, özəlliklə gənclərimizin siqaretin zərərli təsirlərindən qorunması istiqamətində daha çox addımlar atmalıyıq və bu qanun mühüm addımlardan biri olardı deyib. Millət vəkili Q. Paşayeva bu istiqamətdə həmkarları Fazil Mustafa və Gövhər Baxşəliyevanın təkliflərini dəstəkləməklə yanaşı, məsələnin öz həllini tapmasında Milli Məclisdəki kişi həmkarlarımızdan daha çox dəstək gözləyirik deyib."Fazil bəy dedi ki, qadın millət vəkillərinin bu məsələdə fəallığı çox vacibdir. Biz qadın millət vəkilləri olaraq bu məsələni dəstəkləyirik. Amma Milli Məclisimizdə çoxluq kişi həmkarlarımızdır və onlar bu qanunun qəbul edilməsində böyük dəstək verə bilərlər və biz həmkarlarımızdan bunu gözləyrik. Millət vəkili Qənirə Paşayeva bildirib ki, eyni zamanda 18 yaşına çatmayan uşaqlara və gənclərə siqaretin satışının qanunvericiliklə qadağan edilməsinə baxmayaraq, çox təəssüf ki, qanunun bu maddəsi yerinə yetirilmir və hər yerdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır. Ona görə hesab edirəm ki, 18 yaşına çatmayan uşaqlara siqaretin satışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəanın icrası məsələsi öz həllini tapmalı və bununla bağlı məsuliyyət gücləndirilməlidir” – deyə, Q.Paşayeva vurğulayıb. Millət vəkili sonda sözlərinə əlavə edib ki, gələcəyimizin sağlam böyüməsi üçün bu qanunun icrası və ciddi maarifləndirmə tədbirlərinin aparılması həddindən artıq vacib məsələdir. Millət vəkili Qənirə Paşayeva eyni zamanda "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında Azərbaycan Respublikası qanunu"na dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında müzakirələr zamanı çıxış edib və bir sıra təkliflər səsləndirib. Millət vəkili insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun işləməyən bəzi müddəlarını qısa zamanda icraya çağırıb. Bir neçə il əvvəl Parlament tərəfindən qəbul edilən insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun bəzi müddəaları bugünədək yerinə yetirilmir və onların həyata keçməsi üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər deyən millət vəkili Q.Paşayeva bildirib ki, son illər orqan transplantasiyası məsələsi Azərbaycanda genişlənməkdədir. " Qanunun qəbul edilməsinə baxmayaraq, bütün dünyada orqan transplantasiyasında ən vacib məsələ olan meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmləri yoxdur. Bu icra mexanizmlərinin işlənib hazırlanması üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər.” Ölkəmizdə orqan və toxumaların transplantasiyası sahəsində son illər uğurlu əməliyyatların həyata keçirildiyini diqqətə çatdıran millət vəkili Qənirə Paşayeva bu sahədə qəbul edilən qanunvericilik aktının bir sıra müddəalarının icrasının vacibliyini vurğulayıb. Millət vəkili bildirib ki, orqan transplantasiyasının qarşısındakı ən böyük problemlərdən biri orqan bağışı ilə bağlı qanunda öz əksini tapan müddəaların icra mexanizmlərinin işlənib hazırlanmaması və bu prosedurun həyata keçirilməsi mexanizmlərinin olmamasıdır. Millət vəkili Qənirə Paşayeva bu sahəyə aidiyyəti olan qurumları qısa zamanda bu mexanimz və prosedurları hazırlamağa və qanunun müvafiq müddəalarının icrasına çağırıb. O bildirib ki, orqan bağışı sistemi transplantologiyanın inkişafında və genişlənməsində ən vacib məsələlərdən biridir və qanunun icrasına, ölkəmizdə bu istiqamətdə əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasına və işlərin sürətləndirilməsinə ehtiyac var.
Aktual.az
Xəbər 807 dəfə oxunub.