Millət vəkili Q. Paşayeva Milli Məclisdə bir sıra vacib qanun layihələri təklifi ilə çıxış edib.
İctimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılmasına böyük ehtiyac olduğunu deyən milət vəkili Q.Paşayeva eyni zamanda qanunvericilikdə öz əksini tapan məsələnin 18 yaşına çatmayanlara siqaretin satılmasının qadağan edilməsi ilə bağlı məsələnin işləmədiyini və hər yerdə məktəb yaşlı uşaqlara siqaretin satıldığını və məktəb yaşlı uşaqlar arasında siqaretdən istifadə edənlərin sayının artmasının doğurduğu böyük narahatlıqdan danışıb. O deyib ki, məktəbyaşlı uşaqlar arasında siqaretdən istifadənin artması hamımızı ciddi narahat etməlidir və bunun qarşısını almaq üçün qanunların müvafiq maddələrinin ciddi işləməsi lazımdır və müvafiq qurumlar bu istiqamətdə ciddi addımlar atmalıdır. Millət vəkili Q. Paşayeva yaz sessiyasının gündəliyində olan Reproduktiv Sağlamlıq haqqında qanun layihəsinin yaxın günlərdə müzakirəsinin vacibliyini də vurğulayıb: "Çoxlu sayda ailələr bizə müraciət edir, statistikalara baxırıq, boşanan ailələrin bir çoxunda övladsızlıq böyük rol oynayır. Bu cür ailələrə tibbi texnologiyaların nailiyyətlərindən istifadə edərək övlad sahibi olmaları istiqamətində dövlət tərəfindən dəstək göstərilməlidir. Bu baxımdan, "Reproduktiv sağlamlıq haqqında" Qanunun parlament müzakirələrinə yenidən çıxarılması çox vacibdir. Qanun layihəsində 10 ilə yaxın övladı olmayan ailələr üçün süni mayalanma əməliyyatının bir dəfə dövlət tərəfindən maliyyələşdirilməsi, yəni pulsuz edilməsinin öz əksini tapdığını deyən millət vəkili Q. Paşayeva 10 ilin azaldılmasının vacibliyindən danışaraq bu müddətin 7-8 ilə azaldılmasını təklif edib. O, bildirib ki, 10 il çox uzun zamandır və övladsız ailələrin problemləri daha da dərinləşir və bir çox hallar da faciə ilə bitir. Ona görə də bu cür ailələrə zamanında lazımi dəstək göstərilməsi çox vacibdir. Millət vəkili Q. Paşayeva qısa zamanda təhsil kreditləri ilə bağlı məsələnin öz həllini tapmasının vacibliyindən də danışıb. Dünyanın inkişaf etmiş ölkələrində və bir sıra qonşu dövlətlərdə də geniş yayılmış təhsil kreditləri məsələsinin təhsilin inkişafındakı rolundan danışan millət vəkili Q. Paşayeva bu, orta imkanlı və imkanları zəif ailələrin övladlarına da yüksək səviyyədə təhsil ala bilməsinə imkan yaradacaq deyib. Millət vəkili Q. Paşayeva "İctimai nəzarət haqqında" qanun layihəsinin qəbulunun vacibliydən danışaraq bildirib ki, bir müddət öncə qəbul edilmiş çox vacib bir qanun "İctimai iştirakçılıq" haqqında qanun layihəsinin yaxşı çalışması lazımdır. O, dövlət qurumlarının ictimai şuraların yaradılmasında passivlik nümayiş etdirdiyini söyləyərək ictimai nəzarətin artması istiqamətində böyük önəm daşıyan ictimai şuraların yaradılmasına ciddi önəm verməyə çağırıb:"Cənab Prezident çıxışlarında əhalini ictimai nəzarətə çağırır və bu çox önəmli məsələdir və bu mexanizmlərin çalışması üçün dövlət qurumları üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməlidirlər"-millət vəkili Q. Paşayeva belə deyib.