Millət vəkili Q.Paşayeva İndoneziyanın Azərbaycandakı səfiri ilə görüşdə Qarabağ həqiqətlərinin yayılmasından danışıb.
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q. Paşayeva İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb. "Azərbaycanla əlaqələrin və əməkdaşlığın daha da inkişafına böyük önəm veririk" - deyən İndoneziya səfiri Hüsnan Bəy Fanani deyib ki, ölkələrimiz arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur və toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, qarşılıqlı səfərlərin artması, sahibkarlarla yanaşı mətbuat və media qurumlarımız, fəal qadınlarımız arasında da əməkdaşlığın daha da genişlənməsi çox vacibdir və bu istiqamətdə işlərə və layihələrə daha çox diqqət göstəriləcək. Səfir bu yaxınlarda Azərbaycanda keçirilən İndoneziya Mədəniyyət Günləri barədə də danışaraq Azərbaycan bizim üçün dostdan daha böyük məna daşıyır, Azərbaycan bizim üçün qardaş ölkədir və əməkdaşlığımızı da bu səviyyəyə artırmaq istəyirik deyib. Azərbaycanı, Azərbaycan xalqının mədəniyyətini çox sevdiyini deyən səfir ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinə də böyük önəm verdiklərini deyib. İndoneziyanın bütün beynəlxalq platformalarda ərazi bütövlüyü, Qarabağ problemi, Xocalı soyqırımı məsələlərində Azərbaycanı dəstəkləməsini bütün Azərbaycan xalqının yüksək qiymətləndirdiyini deyən millət vəkili Q.Paşayeva bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Qarabağ həqiqətlərinin İndoneziyada daha da geniş yayılması istiqamətində işlərin daha da artacağına inandığını deyən millət vəkili Q.Paşayeva İndoneziyanın bu məsələlərdə bundan sonra da hər zaman Azərbaycana böyük dəstək verəcəyinə inanırıq deyib. Görüş zamanı bir sıra layihələr ətrafında geniş fikir mübadiləsi də aparılıb və millət vəkili Q. Paşayeva İndoneziya səfirini millət vəkili seçildiyi Tovuz rayonuna dəvət edərək iki dost ölkə olaraq bölgələrimiz arasında da əməkdaşlığın inkişafı çox önəmlidir deyib və bu ziyarətin bu istiqamətdə əhəmiyyətli olacağına inandığını deyib.
Aktual.az
Xəbər 749 dəfə oxunub.