Bu gün AŞPA-da
"Dezinformasiya və propaqanda kontekstində ictimai media xidməti” adlı qətnamə
layihəsi ətrafında müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə
heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Q.Paşayeva Avropa
ölkələrində Azərbaycan əleyhinə dezinformasiya yayan KİV və siyasətçiləri, o
cümlədən AŞPA-da bu cür addımlar atan siyasətçiləri kəskin tənqid edib və
dezinformasiyalarla mübarizədə ikili standartlar olmamalıdır deyib: "Dəyərli
həmkarlarım,müasir dünyada yanlış xəbərlərin dövlətlər və cəmiyyətlər üçün
ciddi təhlükəyə çevrilməsi hamımızı ciddi narahat etməlidir. Yanlış xəbərlər
insanlara, sosial qruplara, təşkilatlara və ölkələrə ciddi ziyan vurur və
fəaliyyətlərinə təhlükə yaradır. Yanlış xəbərlərin qloballaşması və onların
kommersiya məqsədilə istifadəsi olduqca təhlükəlidir. Bu gün əksər hallarda
yanlış xəbərlərdən siyasi kampaniyalar üçün alət kimi istifadə edilir. İnsanlar
"dezinformasiya hücumu”na məruz qalırlar. Təhlükəli dezinformasiya
meyillərindən yaxa qurtarmaq üçün dəqiq siyasət hazırlanıb həyata
keçirilməlidir. Bu mübarizədə hər birimiz fəal iştirak etməliyik. Yanlış
xəbərlərin yayılmasının qarşısının alınması, onlarla mübarizədə ənənəvi
KİV-lərin, informasiya agentliklərinin üzərinə mühüm vəzifələr düşür. Hər bir
xəbər ciddi şəkildə yoxlanılmalıdır. İnformasiyanın dəqiqliyini yoxlamaq
jurnalistin borcudur. Saxta xəbərlərlə mübarizədə, onların yayılmasının aradan
qaldırılmasında dünyanın aparıcı KİV-ləri daha sıx əməkdaşlıq
etməlidir. Sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə
dezinformasiyalara qarşı mübarizə aparmaq olduqca çətindir. Ona görə də bu
istiqamətdə səylərimizin birləşdirilməsinə ciddi ehtiyac var.
Təəssüf
ki, bu gün mətbuat, söz azadlığı adı altında dezinformasiya yayan KİV-lər və
jurnalistlərin sayı artır. Bu, çox təhlükəlidir və bu cür halları cəmiyyətə
qarşı terror da adlandırmaq olar. Ona görə də hesab edirəm ki, bu cür hallara
qarşı birgə mübarizə aparılmalıdır və biz bu istiqamətdə mübarizə tədbirlərini
dəstəkləyirik. Mənim ölkəm Azərbaycan bu məsələlərə ciddi önəm verir,
dezinformasiyalara qarşı mübarizə aparır və bu istiqamətdə beynəlxalq
təşəbbüsləri daim dəstəkləyir. Çünki Azərbaycan dezinformasiyalardan ən çox
əziyyət çəkən ölkələrdən biridir. Məsələn, elə Avropanın bir sıra KİV-lərində
dəqiq olmayan faktlar, yanlış məlumatlar əsasında Azərbaycana qarşı çox sayda
dezinformasıyalara yol verilir. Və bu dezinformasiyaların əksəriyyəti məqsədli
olaraq yayılır. Bir sıra siyasi güclərin, diaspor və lobbilərin, bəzi
şirkətlərin maraqları çərçivəsində həyata keçirilən bu dezinformasiyaların
məqsədi Azərbaycanın dünyadakı imicinə zərbə vurmaq, təzyiq göstərməkdir. Və
təssüf ki bu dezinformasiyalar Azərbaycanda olmayan, ölkəmiz haqqında geniş
bilgilərə sahib olmayan bir çox insanlarda yanlış düşüncənin formalaşmasına da
səbəb ola bilir.Və bu bizi ciddi narahat edir. Əziz dostlar, biz
dezinformasiyalarla fəal mübarizə aparmaq istəyiriksə o zaman məsələn elə ilk
öncə təmsil olunduğumuz bu təşkilatdan başlamalıyıq. Təssüf ki
sadəcə KİV-lər, jurnalistlər, sosial şəbəkələr deyil bəzi siyasətçilər də bəzi
ölkələrlə bağlı dezinformasiyaların, yanlış məlumatların yayılmasında fəal rol
oynayırlar. Biz Azərbaycana qarşı bu cür addımların burada dəfələrlə
şahidi olmuşuq və biz hansı ölkəyə qarşı söylənilməsindən asılı olmayaraq
dezinformasiyalara qarşı sərt mübarizə aparmalıyıq. Burada ikili standartlara
yol vermək olmaz. Dəyərli həmkarlarım,terror təşkilatlarının, terroru
dəstəkləyən qrupların, radikallığı, nifrəti, islamafobiyanı və antizemitizmi
gücləndirən qrupların sosial media və şəbəkələrdə artan fəallığı da hamımızı ciddi
narahat etməlidir. Dezinformasiyalarla mübarizədə bəzi məsələlərdə olduğu kimi
ikili standartlara yol verilərsə mübarizə tam effekli
olmayacaq. Dəyərli həmkarlarım, yanlış məlumatlandırma siyasətinin
xalqları, ölkələri, dinləri bir-birinə qarşı qoymaq, münaqişələri
alovlandırmaq, çaşqınlıq, vahimə, nifrət yaratmaq kimi təhlükələrindən ciddi
narahat olmalıyıq. Azərbaycanda VI Bakı Beynəlxalq Humanitar Forumu
çərçivəsində "Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə
təhdid” mövzusunda önəmli tədbir keçirildi. Hesab edirik ki, bütün üzv
ölkələrdə jurnalistlər, siyasətçilər və gənclərin iştirakı ilə bu mövzuda çoxlu
sayda tədbirlərin, müzakirələrin keçirilməsinə, cəmiyyətlərin bu mövzularda
geniş maarifləndirilməsi kimi tədbirlərin də artmasına cidi ehtiyac var”.
Xəbər 361 dəfə oxunub.