Millət vəkili
Q.Paşayeva Boluda Qarabağ problemi ilə bağlı geniş məruzə ilə çıxış edib və
Qarabağ Türk dünyasının ortaq problemidir deyib.
Türkiyənin Bolu vilayətində Bolu bələdiyyəsinin
təşkilatçılığı ilə keçirilən "Xocalı soyqırımı: Unutmadıq, unutmayacağız və
unutturmayacağız” adlı tədbirdə rəsmi şəxslər, ziyalılar, alimlər, QHT təmsilçiləri,
sənət adamları və gənclər geniş şəkildə iştirak ediblər. Tədbirin açılışında
çıxış edən Bolu bələdiyyəsinin sədri Alaeddin Yılmaz, bələdiyyə sədri müavini
Emine Davarcıklıoğlu, Yeni Yurd İB sədri Mahirə Əsədova, professor Asif Rüstəmli,
Xocalı sakini Aqil Məmmədov Xocalı Soyqırımı ilə bağlı çıxış edərək gənc nəsillərimizin
tarixi həqiqətləri daha geniş bilməsinin və dünyaya daha geniş yayılmasında fəallıqlarını
artmasının vacibliyindən danışıblar. Tədbirdə geniş məruzə ilə çıxış edən millət
vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə
Paşayeva çıxışına Azərbaycanda ön cəbhədə işğalçı Ermənistanın təxribatlarına
layiqli cavab verən zaman şəhid olan Azərbaycan əsgərləri, Türkiyədə terrorla
mübarizədə şəhid olan insanlarımızın ruhu qarşısında baş əyirəm deyə başlayıb və
terrora qarşı mübarizədə qardaş Türkiyənin yanındayıq deyib. Qənirə Paşayeva
Qarabağ dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir və tədbir
iştirakçılarının əksəriyyətinin Qarabağda olmamasına baxmayaraq, Qarabağın hər
birimiz üçün doğma olduğunu qeyd edib: "Biz inanırıq ki, Ermənistanın işğal
etdiyi gözəl Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin
də işğaldan azad olunacağı gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik",
– deyib. Q. Paşayeva qeyd edib ki, Qarabağın qədim tarixi var. Qarabağ əsrlər
boyu Azərbaycan və türk tarixinin və mədəniyyətinin beşiklərindən biri olub: "Hər
bir Türk insanı Qarabağı hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır.
Hər birimiz Qarabağı sevməliyik, xatırlamalıyıq ki,o, işğal altındadır. Çox təəssüf
ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələrimizi
məhv edirlər və dünya buna göz yumur”. Dağlıq Qarabağ və ətraf bölgələrimizin
20 ildən artıqdır ki, Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın
deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə
Paşayeva bunları söyləyib: "Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında
törətdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma
bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan
torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatların
Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı iləəlaqədar qəbul etdikləri qərarları
vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı
siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”. Millət vəkili Qənirə
Paşayeva çıxışında Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən
artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi
barədə ətraflı məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada
yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin
dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün
çalışmalıdır. "Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı tək Azərbaycanın
deyil, bütün Türk dünyasının problemidir” – Qənirə Paşayeva deyib. Millət vəkili
Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş
çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir
: "Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk
insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini
artırmalıdır.” Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü
vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri
Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”
və Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda
böyütmək olduğuna diqqəti cəlb edərək deyib: "Harada doğulmasından və
yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox
yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib. Millət
vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına
qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.O, deyib ki,
"qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada
yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva
Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının
qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin
təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib. "Azərbaycanın
güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, – deyən
millət vəkili Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan
irsin məhz bundan ibarət olduğunu bildirib. "İnşallah gələn tədbiri birlik və bərabərlik
içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda,
Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib.
Tədbirin sonunda Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynova "Xocalı
laylası” və "Ayağa qalx ey Türk oğlu” əsərlərini ifa edib. Tədbirin sonunda
millət vəkili Q. Paşayevaya, Yeni Yurd İB sədri Mahirə Əsədova professor Asif
Rüstəmli, Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynova Xocalı sakini Aqil Məmmədov,
QHT təmsilçisi Dilbər Məmmədovaya təşkilatçılar tərəfindən plaket təqdim
olunub. Tədbirdən sonra millət vəkili Q.Paşayeva Bolu fəal gənclər və qadın təşkilatları ilə görüşüb,
KİV nümayəndələrinin suallarını da cavablandırıb.
Konfransın linkini burdan izləyə bilərsiniz.