Millət vəkili Qənirə Paşayeva Türkiyədə keçirilən Beynəlxalq Qadın Araşdırmaları Konqresində məruzə ilə çıxış edib.
Beynəlxalq konqresin açılışında Türkiyənin birinci xanımı Emine Erdoğan da iştirak edib. Millət vəkili Qənirə Paşayeva tədbir çərçivəsində Türkiyənin Birinci Xanımı Emine Erdoğan ilə də görüşüb və bu cür tədbirlərin önəmini vurğulayaraq qardaş Türkiyənin bu cür beynəlxalq konqreslərə ev sahibliyi etməsinin məmuniyyətverici olduğunu deyərək təbrik edib.
Qənirə Paşayeva 2-ci Beynəlxalq Qadın Araşdırmaları Konqresindəki çıxışında Ermənistanın işğalçılıq siyasətindən, 20 ildən artıqdır evinə dönə bilməyən məcburi köçkün qadınlardan danışıb və dünyanın müxtəlif ölkələrindən olan qadınlara üz tutaraq onları ədalətin yanında olmağa çağırıb. O deyib: “Müstəqilliyimizi qazandığımız illər Azərbaycan qadını üçün çox ağır olmuşdur. Çünki Ermənistanın Azərbaycan torpaqlaırnın 20 fazini işğal etməsi nəticəsində 1 milyona yaxın insan öz evini, işini itirmişdi. 20 ildən artıqdır ki, 1 mliyon azərbaycanlı qaçqın və məcburi köçkün, yüzminlərlə qadın bu gün də öz evinə dönə bilmir və təbii ki, bu hamımız üçün çox ciddi bir problemdir. Biz etnik kimliyindən və dini inancından asılı olmayaraq və harada baş verməsindən asılı olmayaraq insan haqlarının bu qədər kobud şəkildə tapdalanmasına göz yummamalı və etiraz səsimizi ucaltmalıyıq və köçkün qadınlar dünyada ədalətin yanında olan bütün qadınlardan məhz bu cür mövqe gözləyirlər hər zaman”. Millət vəkili Qənirə Paşayeva öz evini, işini itirən və 20 ildən artıqdır ki, evinə dönə bilməyən insanlarımız, o cümlədən yüzminlərlə qadınlarımızın cəmiyyətə inteqrasiyası, onların təhsili, iş yerləri, məşğuliyyəti ilə bağlı həyata keçirilərn dövlət proqramlarından da danışıb. O eyni zamanda Azərbaycan qadınlarının fəallığının, onların bütün sahələrdə, o cümlədən dövlətin idarəçiliyində rollarının daha da artırılması, qadın haqlarının qorunması istiqamətində görülən işlər və qəbul olunmuş qanunlar barəsində də geniş məlumat verib. Millət vəkili Qənirə Paşayeva görülən işlərin nəticəsi olaraq Azərbaycanda qadınların bütün istiqamətlərdə rolunun getdikcə daha da artması ilə bağlı geniş məlumatlar verməklə bərabər, bu istiqamətdə həllini gözləyən məsələlər, hazırlanan proqramlar barədə də danışıb. Azərbaycanda məişət zorakılığı da daxil olmaqla qadına qarşı şiddətin bütün formaları ilə, erkən nigahlarla bağlı fəal mübarizə aparıldığı barədə danışan millət vəkili Qənirə Paşayeva çıxışını Azərbaycanın böyük şairi Hüseyn Cavidin sözləri ilə bitirib. “Qadın gülərsə şu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək!” Millət vəkili tədbir iştirakçılarının bu mövzuda ona ünvanlanan suallarını da geniş cavablandırıb. Qeyd edək ki, Sakaryada keçirilən tədbirin təşkilatçıları KADEM, Sakarya Universiteti, Valiliyi ve Bələdiyyəsidir. Beynəlxalq Konqres 2 gün davam edib və ayrı-ayrı panellərdə müxtəlif ölkələrdən gəlmiş tanınış və aktiv qadınların iştirakı ilə önəmli müzakirələr keçirilib.