"Türkiyə KİV-ləri Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizədə daha fəal olmalıdırlar".
Aktual.az-ın məlumatına bunu millət vəkili Qənirə Paşayeva Türkiyənin "A Haber", "Türkiyem TV", "Ufuk TV", "Vuslat TV", "ER TV" və bir sıra digər kanallarının canlı yayımında Qarabağ həqiqətləri və bölgədə baş verən son hadisələrlə bağlı geniş çıxışında bildirib.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətdən danışan millət vəkili Qənirə Paşayeva deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransa münaqişənin həll edilməsi üçün təəssüf ki, heç bir addım atmırlar. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını daşıyan ATƏT MQ həmsədrlərinin Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərməməsi Ermənistanın bölgədə daha da həddini aşmasına və vəziyyəti daha da gərginləşdirən təxribatları davam etdirməsinə səbəb olur. Millət vəkili Ermənistanın neçə aylardır girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevdən də danışıb və jurnalistlərin suallarını geniş cavablandırıb. Azərbaycan həqiqətlərinin həm Türkiyədə insanlara, həm də bütün dünyaya yayılmasında Türkiyə KİV-lərinin də üzərinə böyük missiya düşdüyünü deyən Qənirə Paşayeva Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib və KİV-ləri bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb. Millət vəkili vurğulayıb ki, qondarma erməni soyqırımına qarşı mübarizədə də Türk Dünyası KİV-nin məsuliyyəti böyükdür.
Qənirə Paşayeva televiziyalara müsahibələrində Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya Oyunları barədə də danışıb. Bunun tarixi bir hadisə olduğunu deyən xanım deputat Azərbaycanın bu böyük yarışı keçirmək üçün hazır olduğunu deyib və jurnalistləri, o cümlədən qardaş Türkiyə insanını Avropa Olimpiya Oyunlarını izləməyə və qədim Azərbaycanı daha yaxından tanımağa dəvət edib. Millət vəkili həmçinin Türkiyədə nəşr olunmuş kitabları ilə də bağlı jurnalistlərin suallarını cavablandırıb.
Aktual.az






