Millət vəkili Q.Paşayeva AŞPA-da Avropanı İraq və Suriya Türkmənlərinə dəstəyə çağırıb.
AŞPA-da "Suriyalı köçkün böhranı:Avropanın məsiliyyətinin gücləndirilməsi" mövzusunda müzakirələr zamanı çıxış edən millət vəkili Q. Paşayeva Suriya və İraq Türkmənlərinin ağır vəziyyətindən, üzləşdiyi problemlərdən və Avropanın onlara qarşı duyarsızlığından danışıb, köçkün Türkmənlərin AŞPA və Avropa ölkələrinə çağırışını səsləndirib. İraq Türkmənləri ilə bağlı çıxış edən millət vəkili Q.Paşayeva: " Bir neçə gün əvvəl Türkiyə və Azərbaycanda İraq Türkmənlərinin təmsilçiləri ilə yenidən görüşdük. Onlar səslərini burada duyurmamızı, sizə söyləmək istədiklərini səsləndirməmizi istədilər. Çox çətinliklər içərisindədirlər. Minlərlə İraq Türkməni evini tərk etmək məcburiyyətində qalıb. Ən son mart ayında İŞİD terror təşkilatının İraqda Türkmənlərin yaşadığı Tazehurmatu qəsəbəsinə kimyəvi silahlarla saldırısı zamanı bir neçə Türkmən həlak oldu, çox sayda insan yaralandl. Çox böyük faciələrlə üz-üzədir İraqdakı Türkmənlər. Amma İraqdakı Türkmənlərlə yanaşı İraqdan öz evindən köçkün düşmüş Türkmənlər də Avropadan və təşkilatımızdan heç bir dəstək görmürlər. İraq Türkmənlərinin fəryadını, acılarını sizə çatdırmaqla yanaşı onların çağırışlarını da AŞPA-da bütün Avropaya səsləndirmək istəyirəm. İraq Türkmənləri AŞPA-dan, Avropa qurumlarından və Avropa ölkələrindən daha çox dəstək gözləyirlər və onların səsini duymağa çağırırlar. Mən sizi onlara dəstəyə çağırıram".
Millət vəkili Qənirə Paşayeva Suriya Türkmənlərinin ağır vəziyyəti, yaşadıqları faciələr, minlərlə türkmənin köçkün düşməsi, köçkün türkmənlərin üzləşdiyi problemlərdən də danışaraq Avropanın onlara laqeyid münasibətini tənqid edib və AŞPA-nı, Avropa qurumlarını və üzv ölkələri onlara daha çox yardım göstərməyə və evlərindən köçkün salan səbəblərlə daha sərt mübarizəyə çağırıb: "Mən bir müddət əvvəl Türkiyədə onların təmsilçiləri ilə yenidən görüşdüm və onlar səslərini və düşüncələrini burada söyləməmizi istədilər. Onlar sizdən dəstək gözləyirlər. İnsanları köçkün salan səbəblərlə mübarizə aparmadan ortaya çıxan ağır vəziyyəti, faciələri önləmək mümkün deyil. Bu səbəblərlə mübarizə sərt olmalıdır. Mən Avropa Şurasını, AŞPA-nı, bütün üzv ölkələri Suriya Türkmənlərinə yardım etməklə yanaşı onların öz evlərinə dönə bilməsi istiqamətində də daha çox dəstək göstərməyə, daha fəal çalışmağa çağırıram"