Millət vəkili Q.Paşayeva Aksarayda azərbaycanlı tələbələrlə görüşdə onları Qarabağ həqiqətlərinin yayılmasında fəal olmağa çağırdı.
Millət vəkili Qənirə Paşayeva Türkiyənin Aksaray vilayətində fəaliyyət göstərən universitetlərdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və gəncləri sosial şəbəkələrdə Azərbaycan həqiqətlərinin daha geniş yayılması istiqamətində daha fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva ilk öncə tələbələrin təhsilləri, çətinlik və problemləri ilə maraqlanıb və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Tələbələrə uğurlar arzulayan Qənirə Paşayeva tələbələrin oxuduqları təhsil müəssisələrində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını deyib. Azərbaycanlı tələbələrin ölkəmizi xaricdə təmsil edən nümayəndələr də olduğunu deyən millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. "Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrənməlidir ki, tariximizə sahib çıxa bilsinlər”, – deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma "erməni soyqırımı” yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. "Hər birinizin oxuduğunuz universitetdə Türkiyədən və müxtəlif xarici ölkələrdən dostlkarınız var və eyni zamanda sosial şəbəkələrdə çoxlu xarici dostlarıniz var. Onlarla ünsiyyətdə Azərbaycan, Qarabağ həqiqətləri barədə daim məlumatlar vermək, gerçəkləri çatdıqmaq lazımdır”, – deyən millət vəkili gəncləri bu istiqamətdə daha fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva tələbələri virtual məkanın imkanlarından geniş istifadə etməyə səsləyib və bu məkanın gücündən necə istifadə edərək daha güclü təbliğat aparma yollarından danışıb. Aksaray vilayətində 350 azərbaycanlı tələbənin təhsil almasının və bu bölgədə təhsil alan xarici tələbələrin 1/3-dən çox olmasının böyük rəqəm olduğunu deyən millət vəkili Qənirə Paşayeva bu gücdən daha çox istifadə etməyə çağırıb. Aksarayda təhsil alan azərbaycanlı tələbələrin təmsilçiləri ölkəmizin tanıdılması, Qarabağ həqiqətlərinin Aksarayda daha geniş yayılması istiqamətində görülən işlər, həyata keçirməyi planlaşdırdıqları layihələr barədə millət vəkilinə geniş məlumat veriblər və ondan bəzi dəstəklər xahiş ediblər. Millət vəkili Qənirə Paşayeva tələbələrlə görüşdən sonra Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazgı ilə görüşüb və tələbələrə dəstək göstərilməsini xahiş edib. Azərbaycanlı tələbələrə dəstək göstərilməsi məsələsi Aksaray valisi Aykut Pekmez ilə görüşdə də diqqət mərkəzində olub. Aksarayın müxtəlif qurumları ilə görüşü zamanı millət vəkili Qənirə Paşayeva bildirib ki, bu bölgədə təhsil alan 350 azərbaycanlı tələbənin Aksarayda, Aksarayın isə Azərbaycanda tanıdılmasında geniş rol oynaya bilərlər və onların həyata keçirdikləri layihələrə dəstək göstərilməsini xahiş edib.
Xəbər 647 dəfə oxunub.