"Komandanın oyunundan razı qaldım. Çətinliklərə baxmayaraq yaxşı futbol sərgilədik. Düzgün oyun qurmuşuq və qələbə də qazana bilərdik".
Aktual.az-ın məlumatına görə, bunu "Qəbələ" ilə oyundan sonra "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
1:1 hesabı ilə bitən oyundan sonra əcnəbi mütəxəssis bunları bildirib:
"Maliyyə vəziyyəti bir qədər çətindir. Lakin futbolçularımız peşəkardır. Onlar həm meydanda, həm də məşqdə özlərini tam göstərirlər".
Baş məşqçi zədəli Rauf Əliyevin vəziyyətindən danışıb:
"Rauf oktyabrın 31-i Almaniyadan qayıtdı. O hazırda bərpa prosesinə başlayıb. Hazırda bunun ilk mərhələsindədir. Hər şey qaydasında getsə, Rauf 3-4 ay ərzində qayıda bilər. Biz heyət quran zaman düzgünlüyə riayət edirik. Sən ötən oyunda zəif çıxış etmisənsə, gələn oyunda yerini başqası tutur".
Bu yaxınlarda demişdiniz ki, klubun fəxri prezidenti Cahangir Hacıyevin üzünü görməmişəm. Karyeranızda belə hal olubmu ki, həm klubda problem olsun, həm də komanda liderlər qrupunda qərarlaşsın?
- İlk dəfədir ki, belə halla rastlaşıram. Futbolçular maliyyə ilə bağlı nəsə dedikdə onları klub prezidentinə yönləndirirəm. Başqa mükafat və digər bir şey yoxdur. Futbolçuya daha yaxşı təklif gələrsə, zorla saxlamaq olmaz. Bəzi futbolçuların müqaviləsi dekabrda bitir.
Ruslan Əmircanov əsas komandada nə vaxt çıxış edəcək?
- O indi hazırlıq prosesindədir və əvəzedici heyətdə çıxış edir. Artıq yavaş-yavaş onu əsas heyətə hazırlayırıq. Uzun müddət meydandan kənarda qaldığı üçün birbaşa əsas heyətə sala bilmərik. Bir az oyun praktikası lazımdır.
Qışda yeni heyət qurulacaq, ya özünüzün "İnter"dəki gələciyiniz sual altındadır?
- Bu haqda heç nə deyə bilmərəm. Hər şey ola bilər.
Aktual.az