...Birinci Qarabağ müharibəsi başlayanda Əbülfət Azərbaycanda baş verənlərdən və xalqımıza qarşı olan ədalətsizliklərdən çox qəzəblənir. Yüksək təhsil almağa gəlsə də, bəzən özünün bu müharibədən kənarda qalmasına heç cür haqq qazandıra bilmir. Elə bu səbəbdən də o, 1992-ci ildə yay tətilinə çıxanda tələbə yoldaşı, həkim Ələkbər Həmidovla yolunu Bakıdakı hərbi hospitaldan salır. Buradakı vəziyyət ölkədən kənarda təhsil alan bu iki azərbaycanlı gənci çox mütəəssir edir. Hər ikisi tətili hərbi həkim-cərrah mütəxəssislərə böyük ehtiyacı olan hospitalda keçirir. Bununla kifayətlənməyən tələbə həkimlər növbəti ildə də istirahətə ayrılmış tətillərini bu hospitalda işləməyə həsr edirlər. Hətta 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə yeni formalaşmağa başlayan milli ordumuzun əsgərləri arasında yaralılar çox olduğu üçün Əbülfətin təklifi ilə onun təhsil aldığı Kurqan ETTOİ-dən həkim briqadası dəvət edilir. Bu iki tətildə Azərbaycanın hərbi səhiyyəsindəki boşluqları aydın görən Əbülfət qəti qərara gəlir ki, mütləq hərbi həkim olaraq Vətənə dönməli, bilik və bacarığını bu sahənin inkişafına, əsgərlərimizin sağlamlığının qorunmasına həsr etməlidir.
Hərbi həkimlik həqiqətən çox məsul və vacib bir peşədir. Nahaqdan demirlər: "Bütün müharibələrin tarixi hərbi həkimlərin qəhrəmanlıq tarixidir”. Bəlkə elə buna görədir ki, hərbi həkim peşəsi tibb sahəsində həmişə xüsusi yer tutub. Orduda isə bu peşə sahibləri ən hörmətli insanlardan sayılıblar. Sıravi əsgərlərdən tutmuş, ən yüksək rütbəli zabitlərə qədər, hamı onlara ehtiramla yanaşıb və bu həkimləri ağıllı, ziyalı və istedadlı insanlar hesab ediblər.
– Gizlətmirəm, nə qədər ki, torpaqlarımız erməni işğalçılarının əlində idi, mən müharibənin, həm də bizim üçün müqəddəs bir savaşın baş verəcəyini gözləyirdim, – deyə doktor bir qədər də fərəhlə söhbətə başlayır. – Biz torpaqlarımızın işğalı ilə barışa bilməzdik və bunu gələcək nəsillər bizə heç vaxt bağışlamazdı. Ali Baş Komandan cənab İlham Əliyev ötən il sentyabrın 27-də, düşmən təxribatlarını birdəfəlik dayandırmağın vaxtı olduğunu bildirib, əks-hücum əmri verəndə, mən həmin axşam, bir an belə düşünmədən, hərbi səhra geyimimi, özümə aid olan əməliyyat avadanlıqlarını çıxarıb qapının qarşısında qoydum. İndi Vətənə əsl xidmət etmək vaxtım çatmışdı...
Müharibədən sonra aydınlaşdırdım ki, 44 günlük müharibədə hərbi həkimlərimiz və tibbi heyət mülki həkimlərin ağlına belə gəlməyən çox gərgin şəraitlə qarşılaşır və yorulmaq bilmədən işləyirdilər. Onların belə ağır və gərgin bir ritmdə günlərlə işləyə bilmələri adamı heyran qoyurdu. İstər-istəməz düşünürdün ki, onlar bu vəziyyətdən nə üçün bezmir, nə qədər təmkin və səbr nümayiş etdirirlər.
Sonralar hərbi həkimlər haqqında məlumat axtarışına çıxarkən öyrəndim ki, hərbi həkim-cərrah il ərzində 300-ə yaxın ən mürəkkəb cərrahi əməliyyat aparır. Onun mülki həkimdən fərqi ondadır ki, hərbi həkim məhz müharibələr dövründə çoxprofilli yardım göstərməli, cərrahiyyənin bütün sahələrindən baş açmalıdır.
– Hərbi həkim kimi kövrəlmək hissini ilk gündən həmişə özümdən uzaq tutmuşam. Lakin nə qədər təmkinli və soyuqqanlı olursan ol, müharibə müharibədir. Onun elə ağır səhnələri olur ki, ürəyinlə bacarmırsan. Axı biz də insanıq, valideynik. Ona görə də sizin bu sualınız məhz o həssas məqamları xatırlatdı. Ən təsiredici, duyğulu məqamlar, ağlı hələ başında olan ağır yaralıların verdiyi suallardan yaranırdı... Yaralı cavan əsgəri gətiriblər, qolu bir tərəfə düşüb, ayaq parçalanıb və ümid dolu bir nəzərlə sənə baxıb soruşur: "Doktor, mən sağ qalaram, ölmərəm ki?” Belə məqamda, əlbəttə, daxilən üzülürsən, kövrəlirsən. Amma özünü toplayırsan. Bu məqamda elə bil sənə qeyri-adı bir güc gəlir və özün-özünə deyirsən: "Nə olur-olsun, bu əsgəri də xilas etməliyəm”.
Ən vacib məqam ağır yaralılarla bağlı tez və düzgün qərar verməkdir. Bəzən elə vəziyyət olurdu ki, baxırsan, minaya düşmüş, yaxınlığında mərmi partlamış əsgərin bir, bəzən iki ayağının, ya qollarının demək olar ki, bir dərisi qalıb. Belə hallarda bədənin bu üzvləri 90-95 faiz amputasiya edilməlidir. Şok vəziyyətində olan yaralılar gətirirdilər ki, yaşamalarına heç bir ümid qalmayıb. Bəzən belə yaralıların, hətta əməliyyat edilməsinə belə ehtiyac qalmadığını düşünənlər olurdu. Amma mən ümidimi üzmürdüm, azacıq belə həyat nişanəsi olan ən ağır yaralıları ilk növbədə əməliyyata almaq qərarı verir və dərhal fəaliyyətə keçirdim. Şükürlər olsun ki, onlarla belə yaralının əməliyyatını uğurla başa vura bilmişəm və onlardan heç biri həlak olmayıb. Hətta bəzən yaralı əsgərin və ya zabitin ayaqlarının, ya qollarının cərrahi müdaxilədən sonra bərpası ehtimalı 5 faiz olsa belə, onu amputasiya edib, şikəst qalmasına imkan verməmişəm və əməliyyat edib bir çarəsini tapmışam. Bu da ondan irəli gəlirdi ki, bu əsgər və zabitlərə öz övladlarım kimi yanaşmışam.
Əbülfət doktorun öz fəaliyyəti haqqında danışdıqları, onun əməliyyat etdiyi qazilərin söhbətləri ilə müqayisədə son dərəcə təvazökarlıq kimi görünür. Məsələn, Qırmızı Bazar yüksəkliyindəki döyüşdə son dərəcə ağır yaralanmış və yalnız təsadüf nəticəsində xilas olmuş Əsgər Hüseynov adlı hərbi qulluqçu bu gün də sol qolunun amputasiya edilməməsinin yeganə xilaskarı kimi Əbülfət doktorun adını çəkir və ona minnətdarlıq edir. Amma Əsgər tək deyil. Əbülfət doktorun cərrahi müdaxiləsindən sonra həyata qayıdan, bu gün ayaqda qalan, qolları salamat qalan yaralı əsgər və zabitlərimiz onlarla, yüzlərlədir.
Onların çoxu hospitaldan ayrılandan sonra da öz xilaskar həkimlərini unutmurlar. Müalicə aldıqları vaxtlarda Əbülfət doktorun əlaqə nömrələrini yaddaş kitablarına ən əziz adamlarının nömrəsi kimi qeyd edir və onunla müntəzəm əlaqə saxlayır, müalicələrini davam etdirmək üçün məsləhətlər alırlar. Doktor deyir ki, Bakıya qayıdandan, hətta müharibə zəfərlə başa çatandan sonra belə , əməliyyat etdiyi 27 qazini özünün çalışdığı "Modern” hospitala köçürərək, orada müalicələrini davam etdirib. Onların arasında elələri var ki, müalicəsi başa çatmayıb və onların üzərində rekonstruktiv bərpa cərrahi əməliyyatlar aparmağa ehtiyac var. "Elə yaralı qazilərimiz olub ki, onların üzərində 3, hətta 4 dəfə rekonstruktiv bərpa əməliyyatı aparmışam”, – deyə doktor fikrini tamamlayır.
Yeri gəlmişkən, bu müharibənin ağrı-acısı Əbülfət Həmidovun ailəsindən də yan keçməyib. Döyüşlərin ən qızğın vaxtında, oktyabrın 7-də Əbülfət üzücü xəbər alır. İlk günlərdən milli ordu hissələrimizin ön sıralarında olan qardaşı oğlu əsgər Cavanşir Həmidov Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olur. Yüzlərlə əsgərin xilaskarı olan hərbi həkim həmin gün özünü Cavanşiri xilas etməyə çatdıra bilmir. Çünki həmin anlarda o, neçə-neçə əsgərimizin həyatını xilas etmək üçün çarpışırdı...
–Əsgərlərə də elə öz Cavanşir balamın taleyi ilə təsəlli verirdim,– deyə Əbülfət kövrək səslə sözünə davam edir.– Deyirdim, siz xoşbəxt adamsınız ki, Azərbaycanımızin, Vətənimizin torpaqlarını məkrli düşməndən xilas etmək uğrunda döyüşlərdə yaralanmısız. Şükürlər olsun ki, həyatdasız, amma şəhid ola da bilərdiniz. Bu, əsgərlərimizə ruh verirdi. Yaralılarımızın əksəriyyəti yalvarırdı: "Doktor bizi tez sağalt, dostlarımızın intiqamını almalıyıq”. Bu, adama qürur verirdi, fərəh hissi yaşadırdı.
Müharibə nə qədər qanlı-qadalı olsa da, bizim xalqımız üçün bir haqq savaşı idi. Bu müqəddəs döyüşdən heç kim kənarda qala bilməzdi. Nə qədər qəribə olsa da, bunu insan sağlamlığının qayğısına qalmalı olan, Hippokrat andı içmiş həkim söyləyirdi. Amma bunlar səbəbsiz deyildi. Çünki Əbülfət 1990-cı illərdən bu yana erməni faşizminin xalqımıza qarşı törətdiyi amansızlıqlara, soyqırımlara yaxşı bələd idi. Üstəlik, bu xəyanətkar qonşuların 30 ilə yaxın bir dövrdə atəşkəs pərdəsi altında törətdiyi təxribatın onlarla qurbanını gözü ilə görmüşdü.
Belə düşüncələrlə yaşayan atanın övladı görən necə olar, deyə öz-özümə düşünürdüm ki, Əbülfət sanki fikrimi oxudu. Əvvəlki fikrinin davamı olaraq bildirdi ki, Vətən qarşısında hər bir insanın öz borcu var, atanın da, oğulun da. Mən öz borcumu verirdim, oğlum da öz borcunu verməli idi və verdi də.
Əbülfətin həkimlik peşəsinin davamçısı olan oğlu, kardioloq-cərrah Anar, həmin günlərdə ardı-arası kəsilməyən yaralıların əməliyyatından macal tapmayan atasına telefon açır: "Ata, sən ordasan, amma mən də bu Vətənin oğluyam. Hara getmək lazımdır?”
Əbülfət düşünmədən deyir: "Oğlum, bu gün bütün xalqımız ayaqdadır. Hamının özünə görə öz vəzifəsi var. Bizim də vəzifəmiz döyüşən əsgər və zabitlərimizə həkim kimi xidmət göstərməkdir. Ləngimə, yola çıx...”.
Anar çalışdığı klinikanın rəhbərliyindən icazə alıb dərhal Gəncəyə yola düşür. Orada bildirirlər ki, Ağcabədidə ona daha böyük ehtiyac var. Həmin vaxtlar atası Əbülfət artıq Ağcabədi mərkəzi xəstəxanasında gecə-gündüz bilmədən çalışırdı. Anar yubanmadan atasının çalışdığı xəstəxanaya gəlir və 10 günə yaxın müxtəlif ağır əməliyyatlarda iştirak edir. Gənc həkim-cərrahın belə ağır məqamda özünü soyuqqanlı, təmkinli və qətiyyətli aparması təcrübəli həkimlər tərəfindən yüksək qiymətləndirilir. Görünür, genetika da öz rolunu oynayır...
Hərbi həkim Əbülfət Həmidov İkinci Qarabağ müharibəsində öz fəaliyyəti ilə sözün əsl mənasında, qəhrəmanlıq tarixi yazıb. Bu ibrətamiz və nümunəvi bir tarixdir. Amma, az qala bir il keçməsinə baxmayaraq, bu qəhərəmanlıq hələ də öz layiq olduğu mükafatı gözləyir. Şübhə etmirik ki, ən yaxın vaxtlarda dövlətimiz bu fədakar həkimə layiq olduğu qiyməti verəcək. Bu çox vacibdir. Vacibdir ona görə ki, bu, Qarabağ müharibəsindəki Zəfər tariximizin kiçik bir parçasıdır. Belə tarixləri yaddaşımıza əbədi yazmalıyıq ki, tarix bizi yaddaşından heç vaxt silməsin.
İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist