Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Trend-ə gələcəkdə qəbul imtahanlarının ödənişli əsaslarla aparıla bilməsinin mümkünlüyü ilə bağlı verdiyi müsahibəsinə münasibət bildirib.
Aktual.az Trend-ə istinadən bildirir ki, M.Cabbarov jurnalistlərə deyib ki, bu məsələ müzakirə olunmalıdır: "Burada bir neçə məsələ var. Birincisi bundan ibarətdir ki, Dövlət İmtahan Mərkəzi müstəqil və yeni yaradılan qurum, publik hüquqi şəxsdir. Təbii ki, onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır. Eyni zamanda, həmin mərkəzin göstərdiyi xidmətlərin hər hansı bir şəkildə maliyyələşdirilməsi məsələsi qoyulur. Lakin burada başqa bir məsələ də var. Təhsilalanlar üçün xidmətlərin sifarişçisi kimi dövlət çıxış edir. Ona görə həmin xidmətlərin ödənişi kim tərəfindən həyata keçirilməlidir? Dövlət büdcəsindən, yoxsa başqa mənbələrdən?"
M.Cabbarov qeyd edib ki, Təhsil Nazirliyinə bu barədə müraciət olduqdan sonra rəsmi mövqelərini bildirəcəklər.
Nazir hesab edir ki, DİM-in fəaliyyətinin təmin edilməsi üçün zəruri imkanlar olmalıdır: "Lakin bunun hansı dərəcədə, buraxılış imtahanlarından sonra qəbul imtahanları verən abituriyentlər hesabına olunub-olunmaması sual doğurur. Çünki bu, təhsilə çıxış və əlçatanlılıq məsələsidir. Hesab edirəm ki, burada müvafiq qurumun buna dair müraciəti olduğu təqdirdə hökumətin qərarı olacaq. Lakin indi buna müzakirəsi başa çatıb qərar verilən məsələ kimi baxmamalıyıq. Əminəm ki, bu məsələnin həllini həmkarım M.Abbaszadə və digərləri ilə işləyərək birgə tapacağıq".