Qəbul imtahanları ilə yeni qərar

Qəbul imtahanları ilə yeni qərar

“2016-cı ildən etibarən ali və orta ixtisas təhsili müəssisələrinə tətbiq edilməsi planlaşdırılan tələbə qəbulu modeli və digər məsələlərlə bağlı hələlik bir qərar qəbul olunmayıb”.

Aktual.Az xəbər verir ki, bunu APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. O bildirib ki, qəbul imtahanlarının yeni modellərinin hazırlanması müzakirə səviyyəsindədir: “Çox güman ki, ilin sonuna qədər, növbəti kollegiya iclaslarından birində, nəzərdə tutulan məsələlərə baxılıb konkret qərar qəbul olunacaq”.

Qeyd edək ki, bu il iyunun 22-də keçirilən TQDK-nın Kollegiyasının iclasında 2016-cı ildən etibarən tətbiq edilməsi planlaşdırılan ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu modeli geniş müzakirə olunub. 2016-cı ildən etibarən abituriyentlərə buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin bir sıra xüsusi qabiliyyət tələb edən ixtisasları və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə həm imtahan verdikləri ildə, həm də növbəti ildə iştirak etmək imkanının verilməsi nəzərdə tutulur. Eyni qayda rus bölməsinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün “Azərbaycan dili” fənnindən imtahan verən abituriyentlərə də tətbiq ediləcək. “Azərbaycan dili” fənnindən imtahan verən və “məqbul” alan abituriyentə növbəti ildə də ali və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə “Azərbaycan dili” fənnindən imtahan vermədən iştirak etmək imkanı veriləcək.

İclasda buraxılış imtahanlarının məzmununda dəyişikliklərin edilməsi, ali təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında fənlərin azaldılması məsələləri də təhlil olunub. Müzakirələrdə buraxılış və qəbul imtahanlarının yeni modellərinin hazırlanıb geniş ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edilməsi nəzərdə tutulub. İclasda “Abituriyent” jurnalı tərəfindən dərc olunacaq və yayılacaq müxtəlif materiallar, o cümlədən elmi-metodiki vasitələr də müzakirə olunub və nəşrə tövsiyə edilib.

Aktual.az

Xəbər 1076 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR