DİN məlumat yaydı.
Qəbələdə bir il əvvəl iş adamının qətlə yetirilməsi faktı ilə bağlı daha iki nəfər tutulub.
Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Aktual.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə odlu silahla qətlə yetirilmiş meyitinin tapılması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan, əvvəllər məhkum edilmiş Nurəddin Xəlilova, Müşfiq Mikayılova, Rəşad Həşimliyə və Əhməd Kərimova məlumat verib. Onlar həmin tarixdə oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedərək, gecə saatlarında quldurcasına Vahid Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına isə müxtəlif dərəcəli xəsarətlər yetiriblər.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin bir çox üzvü məsuliyyətə cəlb olunub.
Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə həmin qətlin və bir sıra digər ağır cinayətlərin təşkilatçılarından və fəal iştirakçılarından olan, sözügedən mütəşəkkil qrupun istintaqdan yayınan daha 2 üzvü - Coşqun Kərimbəyli və Əhməd Kərimov müəyyən edilərək yaxalanıblar. Bununla da cinayətkar dəstənin tutularaq həbs edilən üzvlərinin sayı 18 nəfərə çatıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.