Noyabrın 21-də futbol üzrə Topaz Premyer Liqasında XIII turun oyunlarına start verilib.
Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, turun ilk matçı Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilib. “Sumqayıt” komandası doğma azarkeşlər önündə “Qəbələ”ni qəbul edib. Oyunda ilk yarının əvvəli kəşfiyyat xarakteri daşıyıb. Sonradan meydan sahibləri təşəbbüsü ələ alaraq qonaqların qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıblar. İnamlı təsir bağışlayan sumqayıtlılar nəhayət ki, əyalət təmsilçisinin qapısına yol tapa biliblər. Oyunun 29-cu dəqiqəsində Uğur Pamuk dəqiq zərbə ilə “Sumqayıt”ı hesabda önə çıxarıb. Matçın 39-cu dəqiqəsində Cəmil Hacıyevin avtoqolu hesaba tarazlıq gətirib - 1:1.
Fəsilədən sonra qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib. Baş məşqçi Samir Abasovun yetirmələri 69-cu dəqiqədə Ağabala Ramazanov qolu sayəsində hesabda yenidən önə keçiblər. Çətinliklə də olsa Roman Qriqorçukun yetirmələri 71-ci dəqiqədə Samir Zərgərovun qolu ilə hesabı bərabərləşdirə biliblər.
Beləliklə, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Aktual.az