Rusiyanın "Qazprom" konserni Özbəkistanın "Uzbeknefteqaz" şirkəti ilə cari ildə 4 mlrd kubmetr həcmində qazın alınmasına dair saziş imzalayıb.
Aktual.az APA-ya istinadən bildirir ki, "Uzbeknefteqaz"la saziş "Qazprom"un Türkmənistanın "Turkmenqaz" dövlət konserni ilə münasibətlərinin gərginləşməsi fonunda imzalanıb. Xatırladaq ki, iki şirkət arasında mübahisə Türkmənistan qazının qiyməti ilə əlaqədar yaranıb. Belə ki, 2015-ci ilin ortalarında rəsmi Aşxabad "Qazprom"u ilin əvvəlindən tədarük olunan qaza görə toplanmış borcu ödəməməkdə ittiham edib.
2015-ci ilin iyununda "Qazprom" qiymətin yenidən baxılması ilə bağlı Stokholm arbitrajında "Turkmenqaz"a qarşı iddia qaldırıb.
Bu ilin yanvarın ortalarında "Turkmenqaz" "Qazprom"un yanvarın 1-dən müqaviləyə vaxtından əvvəl xitam verdiyini bildirib. Rusiya holdinqi isə "Turkmenqaz" tərəfindən sazişdə ciddi pozuntulara yol verməsinin xitama səbəb olduğunu bildirib.