Qayınata və qayınanasını öldürən qatil ömürlük həbsdə qalacaq

Qayınata və qayınanasını öldürən qatil ömürlük həbsdə qalacaq

Sumqayıt Apellyasiya Məhkəməsində qayınana və qayınatasını öldürməkdə təqsirləndirilən Bayram Həsənovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Aktual.az-ın Report-a istinadən verdiyi məlumata görə, hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə verilən qərara əsasən, B.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il iyulun 17-də çıxardığı hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

İttiham aktına əsasən, qətl hadisəsi 2013-cü ilin yanvarın 2-də, Abşeron rayonu Novxanı bağlar massivində baş verib. Belə ki, 36 yaşlı Bayram Həsənov qayınanası Rəfiqə Hüseynovanı və qayınatası Nəzər Hüseynovu öldürüb. B.Həsənov hadisədən əvvəl qohumlarının kirayədə yaşadığı evə gəlib onlarla mübahisə edib. Mübahisə zamanı B.Həsənov özü ilə gətirdiyi ov tüfəngi ilə atəş açaraq qayınanası və qayınatasını öldürüb. O, hadisəni törədəndən sonra qaçıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları onu Binəqədi rayonu ərazisində saxlayıb.

O, ilkin ifadəsində deyib ki, 3 ilə yaxındır ailəsində problemlər var. Bir neçə gün əvvəl isə B.Həsənovun 7 il birlikdə yaşadığı həyat yoldaşı Gülnar Həsənova azyaşlı qızlarını da götürərək ata evinə gedib. Bundan sonra isə münasibətlər daha da gərginləşib. Münasibətlərə aydınlıq gətirmək üçün qohumlarının evinə gələn B.Həsənov burada onlarla mübahisə edib. O, mübahisə zəminində əvvəl havaya atəş açıb, ardıcıl olaraq əvvəl qayınanasını, sonra da qayınatasını odlu silahla qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Həsənov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini və cəzasının müddətli cəza ilə əvəz edilməsini xahiş edib.

Sumqayıt Apellyasiya Məhkəməsində hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə qərar elan edib. Hökmə əsasən, ona 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib. 
Daha sonra dövlət ittihamçısı B.Həsənovuun cəzasının ağırlaşdırılması ilə bağlı protest verib. Ali Məhkəmə isə Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı hökmünü ləğv edərək, cinayət işini yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarıb.
 

Aktual.az

Xəbər 578 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR