Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi qaydası məlum olub.
Aktual.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədovun təsdiqlədiyi Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası komissiyasının reqlamentində qeyd olunub.
Qaydalara əsasən, iclasların və birgə işçi görüşlərin keçirilməsi tarixi, vaxtı və yeri Komissiyaların Sədrləri arasında razılaşma ilə müəyyən olunacaq. İclasların və birgə işçi görüşlərin işçi dilləri rus və ya ingilis dilləridir.
İclaslar və birgə işçi görüşlər Komissiyaların Sədrlərinin rəhbərliyi altında keçiriləcək. İclaslar və birgə işçi görüşlər Komissiyaların Sədrlərinin razılaşması ilə bir qayda olaraq növbə ilə Azərbaycan və Ermənistan ərazilərində və ya Azərbaycanla Ermənistan sərhədində və ya üçüncü ölkələrin ərazisində və ya videokonfrans formatında keçiriləcək.
İclasların və birgə işçi görüşlərin gündəlikləri, nümayəndə heyətlərinin siyahısı (Komissiyaların üzvləri istisna olmaqla) və iclasların və birgə işçi görüşlərin təşkilinin protokol məsələləri Komissiyaların Sədrlərinin razılaşması ilə müəyyən olunacaq.
Nümayəndə heyətlərinin tərkibində iştirak edən xarici ekspertlər yalnız nümayəndə heyətlərinin tərkibinə daxil olduqları Komissiyanın adından çıxış edə bilərlər. Komissiyaların razılaşması ilə və birgə sorğu əsasında üçüncü tərəflər iclaslarda və birgə işçi görüşlərdə məşvərətçi yardım göstərə bilərlər.
İclasların və birgə işçi görüşlərin Komissiyalarla təmsil olunan dövlətlərdən birinin ərazisində keçirildiyi hallarda qəbul edən tərəf onların keçirilməsi üçün bütün zəruri şəraiti yaradır, habelə gələn nümayəndə heyətinin bütün üzvlərinin təhlükəsizliyini təmin edir və zəmanət verir.
Komissiyaların Sədrləri başqa cür razılaşmadıqları təqdirdə iclaslar və birgə işçi görüşlər qapalı rejimdə keçirilir. İşçi və razılaşdırılmış sənədlərin layihələri və iclasların və birgə işçi görüşlərin protokolları da daxil olmaqla iclasların və birgə işçi görüşlərin gedişatı və yekunları barədə istənilən məlumat yalnız Komissiyaların Sədrləri arasında ilkin razılaşma olduğu halda üçüncü tərəfə ötürülə bilər.
Xəbər 715 dəfə oxunub.