“Qaxlıların qayğılarına biganə qala bilmərəm” – Əhməd Şahidov

“Qaxlıların qayğılarına biganə qala bilmərəm”   – Əhməd Şahidov

Müsahibimiz Azərbaycanı Avropada təmsil edən və əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidovdur

Əhməd bəy, bu yaxınlarda Avropadan gəldiz və birbaşa Qax rayonuna səfər etdiniz. Səfərinizin məqsədi nə idi?

Avstriyadan gələn kimi Qaxa səfər etməyimin özəl bir səbəbi yox idi. Sadəcə doğulduğum və boya-başa çatdığım torpağa getmək və mənə əziz olan insanlarla birlikdə olmaq istədim. Mənə doğma olan torpağa ayaq basmaq, dağları gəzmək və sərin bulaqlarından içmək əsas istəyim idi.

Amma Qaxa bu dəfəki səfəriniz zamanı daha fəal oldunuz, yerli camaatla görüşlər keçirdiz və bununla bağlı mətbuatda çıxışlar da etdiniz.

Elədir. Bir hüquq müdafiəçisi kimi çalışdım ki, həmyerlilərimin gündəlik qayğıları ilə yaxından tanış olum, onlara hüquqi məsləhətlər verim və nəticədə Qaxdakı mövcud iqtisadi-sosial durumu dəyərləndirim. Mətbuatda qaxlıların qayğılarını işıqlandırım və bu yolla mən də öz töhfəmi verim.

Qaxlıların hansı qayğıları var? Keçirdiyiniz görüşlərdə nələri gördüz və eşitdiniz yerli camaatdan?

Qax rayonu gözəl təbiətə malik füsunkar bir yerdir. Lakin təəssüflər olsun ki, yetərincə tanıda və beynəlxalq diqqət cəlb edə bilməmişik. Məsələn, Qax bugün Qəbələ kimi deyil, o qədər inkişaf etməyib. Halbuki, Qaxın təbiəti daha gözəl və cəlbedicidir. Sadəcə diqqət və qayğı göstərmək lazımdır. Rayonun yolları, xüsusən də kənd yolları ürəkaçan deyil, əhalinin su ilə bağlı problemləri var. Görüşlər zamanı torpaqların becərilməsi, banklardan kreditlərin götürülməsi, pensiya təminatı, ünvanlı sosial yardım məsələləri ilə yanaşı, rayon gənclərinin iş, təhsil və karyera qayğıları, rayonda yaşayan gürcü-ingiloyların keşişlə təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlər aldım.

Bu müraciətlərlə bağlı nə düşünürsüz? Bir hüquq müdafiəçisi və Qaxlı gənc olaraq, nələr edəcəksiniz?

İlk öncə, doğma Qaxımızın qayğıları ilə bağlı öz təkliflərimi paket şəklində hazırlayıb müvafiq qurumlara təqdim edəcəm. Daha sonra iştirak etdiyim beynəlxalq konfranslarda və tədbirlərdə bu barədə məsələlər qaldırıb xarici investorların Qaxa cəlb edilməsinə çalışacam. Gürcü-ingiloyların ibadət yeri olan Müqəddəs Georgi Kilsəsinin keşişlə təmin edilməsiylə bağlı həm Azərbaycan, həm də Gürcüstanın müvafiq qurumlarıyla məsləhətləşmələr aparmaq niyyətindəyəm.

Əhməd bəy, siz heç bir siyasi partiyanın üzvü deyilsiz, bitərəfsiz. Qaxla bağlı qaldırdığınız məsələlərin həll edilməsində müəyyən siyasi dəstəyə ehtiyac duyulur. Sizcə, çətin olmaz ki?!

Mən heç bir siyasi partiyanın üzvü olmasam da, bitərəf deyiləm. Mən qaxlıların tərəfindəyəm və bu, mənimçün ən böyük dəstəkdir. Düşünürəm ki, şəxsi əlaqələrimdən istifadə edib Qaxa müəyyən köməklik göstərə biləcəm. Və Qax camaatı da bunu öz gündəlik həyatlarında hiss edəcəklər.

Aktual.az

Xəbər 3020 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR