Ötən gün bir sıra saytlarda Qax rayonunda kütləvi dələduzluq faktı ilə bağlı xəbərlər və zərərçəkmişlərin video müraciəti yayımlanıb. Belə ki, Qax rayonu Cəlayir kəndinin 40-a yaxın sakini aldandıqlarını bildirərək, ölkə başçısına müraciət ediblər. Qax rayonu Su İdarəsinin mühəndisi Nəzir Mustafayevin qızı Sona Əmrahlı rayonun Cəlayir kəndinin 40-a yaxın yaşlı, ahıl insanını aldadaraq, onların etimadından sui-istifadə edib və onların adına müxtəlif banklardan kreditlər götürüb.
Hər dəfə müxtəlif bəhanələrlə - gah yoldaşının səhhətindəki problemlər, gah atasının iş yerindəki çətinliklər, gah da şəxsi ehtiyacları adıyla 40-a yaxın kənd sakinini aldadan Sona Əmrahlı onları banklara müraciət etməyə və kredit götürməyə sövq edib. Kredit vəsaitlərini mənimsəyən Sona Əmrahlı atasının adını verərək, hər dəfə sakinləri aldadıb və bir müddət İmişli rayonunda gizlənib. Banklar isə kredit götürən yaşlı insanların pensiya kartından hər ay mütəmadi olaraq, kredit faizlərini çıxır. Onsuz da çətin sosial şərtlər altında yaşayan kənd təqaüdçüləri hər ay pensiyalarının 50 faiz qisminin tutulmasına və dələduz xanımın azadlıqda qalmasına etiraz ediblər.
Davamlı şikayətlərdən sonra 02 Fevral 2017-ci il tarixində Qax Rayon Məhkəməsində Əmrahlı Sona Nəzir qızı barədə üç aylıq həbs qətimkan tədbiri seçilib. Bundan sonra vəzifəsindən sui-istifadə edən atası Nəzir Mustafayev məhkəmə instansiyalarına təzyiqlər etməyə başlayıb, hətta Qax rayon İcra Hakimiyyətinin adından istifadə edərək, qızı barədə seçilmiş məhkəmə qərarını dəyişdirməyə nail olub. Belə ki, 10 Mart tarixində yenidən məhkəmə prosesi keçirilir və Əmrahlı Sona Nəzir qızı ev dustaqlığına buraxılır. Maraqlısı da odur ki, 40-a yaxın zərərçəkmiş sakinin etirazlarına baxmayaraq, onların adından saxta ərizə hazırlanıb və guya "şikayətçilər Sona Əmrahlının ev dustaqlığına buraxılmasına etiraz etmirlər" səbəbi ilə dələduz azadlığa buraxılıb.
Sona Əmrahlının rayon səviyyəsində ciddi şəkildə himayə olunmasının pərdə arxası məqamları da maraqlıdır. Belə ki, Sona Əmrahlı Qax sakinlərinin üst-üstə 57 min manatını mənimsəyib. Və hazırda həmin vəsait faizlərlə birlikdə 100 min manatı keçib. Bu vəsaitin bir hissəsi atası Nəzir Mustafayev vasitəsilə rayonun müxtəlif rəhbər şəxslərinə paylanılıb.
Məsələni diqqətdə saxlayacayıq.