İyunun 12-də Bakıda səfərdə olan İsmayıl Dağıstanlı adına Qax Xalq Teatrının kollektivi II Respublika Xalq Teatrları Festivalının final mərhələsində iştirak edərək, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Üzeyir Hacıbəyovun "Ər və arvad" üç pərdəli operettasını nümayiş etdirib. Yüksək peşəkarlıqla səhnələşdirilən tamaşanın rejissoru Gülşad Paşayevadır. Tamaşada Qaxın tanınmış və istedadlı aktyorları Rahib Məmmədov, Ceyran Rəcəbova, Solmaz Həsənova, Qurbanəli Şahmərdanov, Şəmsəddin Quliyev, Rüfət İsmayılov, Xəlil Nəsibov, Lalə Mirzəyeva, Jalə Xəlilova, Vüsalə Mustafayeva, Güllər Əliyeva, Tünzalə Tagıyeva, Yusif Qurbanov, Məmməd Kərimov, İlham Nəzirov və Sərdar İlyasov iştirak ediblər.
Qax Xalq Teatrının tamaşasını yaxından izləyən tanınmış hüquq müdafiəçisi, Milli Məclisə keçirilən seçkilərdə Qax camaatının böyük rəğbətini qazanmış Əhməd Şahidov tamaşa barədə öz təəssüratlarını bölüşüb və qaxlı aktyorların istedadını yüksək qiymətləndirib. ARB 24 Televiziyasına danışan Əhməd Şahidov II Respublika Xalq Teatrları Festivalının final mərhələsinə çıxmış Qax Xalq Teatrının kollektivini təbrik edib və onlara uğurlar arzulayıb. Qaxlı aktyorların xüsusi istedada malik olduğunu deyən Əhməd Şahidov Qax Xalq Teatrının təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da uğurlu tamaşalar nümayiş etdirdiklərini bildirib.