Qaret Beylin "Real" macərası sona çatmaq üzrədir.
Qaynarinfo xəbər verir ki, uelsli futbolçu yeni mövsümdə karyerasının son imzasını atacaq. "El Nacional"da yer alan xəbərə görə, "Real"la müqaviləsi mövsümün sonunda bitəcək Beyl köhnə klubu "Tottenhem"ə qayıdır. Tərəflər artıq razılıq əldə edib və iddiaya görə, bu, Beylin futbolçu karyerasında son klub olacaq. "Tottenhem"lə müqaviləsi başa çatdıqdan sonra o, aktiv futbolçu karyerasını bitirəcək.
Futbolçu La Liqaya transfer olunduqdan sonra gözlənilən səviyyəyə çata bilməyib. "Real" dəfələrlə futbolçu ilə yolları ayırmaq istəsə də bu transfer üçün tələb edilən qiyməti ödəyəcək klub yox idi.
Madrid klubunda tez-tez tənqid hədəfinə çevrilən Beyl ötən mövsümü icarə əsasında "Tottenhem”də keçirib və meydana çıxdığı 34 oyunda 16 qola, 3 məhsuldar ötürməyə imza atıb.
"Real" 2013-cü ilin yayında Qaret Beyli rekord qiymətə - 100 milyon avroya transfer etmişdi. "Real"ın heyətində Beyl iki dəfə La Liqa, dörd dəfə Çempionlar Liqası, "Kral Kuboku", üç dəfə İspaniya Superkuboku və eyni sayda UEFA Superkubokunu qazanıb. O, dörd dəfə Klublararası Dünya Kubokunu da başı üzərinə qaldırıb.
"Real"da keçirdiyi doqquz mövsüm ərzində 255 oyuna çıxan uelsli ulduz 106 qola, 77 məhsuldar ötürməyə imza atıb.
Xəbər 369 dəfə oxunub.