Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməyə cəhd etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü İmran Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlanıb. Prokuror ittiham aktını elan edib. İmran Sultanov ittiham üzrə özünü tam təqsirli bilib. O, məhkəmədə sərbəst ifadə verib.
O, ifadəsində fəhlə işlədiyini, bundan qabaq da məhbusluq həyatı yaşadığını deyib: “Əsgərlikdə olanda həbs edilmişəm. Oradan gələndən sonra fəhləliklə məşğul olmuşam. Atam və anamla Maştağa qəsəbəsi yaxınlığında Ləhic bağlarında yaşayırdıq. Qardaşım da evli olduğundan bizdən bir qədər aralıda yaşayırdı. Hadisə olan günü qardaşımla ikimiz oturub spirtli içki qəbul elədik. Mübahisəmiz düşdü. Birimizin sözü o birimizin boğazından keçmədi. Mənə vurdu. İçkili olduğumdan özümdə deyildim”.
Prokuror İmran Sultanovdan qardaşını vurduğu tüfəngi haradan aldığını və neçə dəfə atəş açdığını soruşub. İ. Sultanov suallara cavab olaraq bildirib ki, tüfəngi bir neçə il əvvəl alıb ağacın altında gizlədib: “Getdim, tüfəngi götürdüm. İçində iki güllə vardı. Bircə dəfə atəş açdım. Əməlimdən peşmanam. Gərək belə olmazdı. Qardaşım məndən böyükdür, nə desə, qəbul etməli idim”.
Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra evdən qaçdığını bildirib: “Atəş açdım, sanki içkinin təsirdən ayıldım. Evdən qaçıb çıxdım. Havamı dəyişdim. Sonra bağa qayıtdım. Sahə müvəkkili zəng elədi. Yerimi dedim. Gəldilər, təslim oldum”.
İmran Sultanov hakim və prokurorun suallarına cavab verib.
Təqsirləndirilən şəxsdən sonra zərərçəkmiş şəxs kimi tanınan 1977-ci il təvəllüdlü Tərlan Sultanov ifadə verib. O, ifadəsində hadisə günü qardaşı ilə spirtli içki qəbul etdiklərini bildirib: “Bir ədəd 0,750, bir dənə də 0,5 litr araq içdik. Arxasınca 1,5 pivə qəbul elədik. Avaralıqla məşğul olurdu. Hər gün içirdi. Ərkim çatdığını düşündüm. Mən hərdən bir spirtli içki içirəm. İmran hər gün içir. Danladım. Sözümüz boğazdan keçmədi. Bir iki şillə çəkdim ki, ona özünü yığışdırsın. Getdi həyətə, tüfənglə gəldi üstümə. Dedim, bu nədir? Məni vurdu. Yerə yıxıldım. Özü qaçdı. Atam düşdü gördü ki, yerdəyəm. Qayıntama zəng elədilər, apardılar xəstəxanaya. Şükürlər olsun ki, ölmədim. Qardaşımdır, canımdır. İçkili olduğumuzdan oldu hər şey. Əminəm ki, məni öldürmək kimi niyyəti olmayıb. Heç bir şikayətim, tələbim yoxdur. Siz bilən məsləhətdir, balaca qardaşımdır”.
Zərərçəkən şəxs məhkəmədə hakim və prokurorun suallarını cavablandırıb.
Şahid qismində Məmmədəli Sultanov ifadə verib. O, ifadəsində təqsirləndirilən və zərərçəkmi şəxslərin atası olduğunu deyib: "Hər ikisi oğlumdur. Nə deyim?! Bir-birilərini düzgün başa düşməyiblər. Hadisədir də, olub. Neyləmək olar. Həmin günü evdə uzanmışdım. Atəş səsi gəldi, aşağı düşdüm. Gördüm, Tərlan qan içində yerdə uzanıb. Qayınatasıyla xəstəxanaya çatdırdıq. Şükürlər olsun ki, ciddi bir şey olmadı”.
Hakim cinayət işində şahid qismində göstərilən oğlanların anası Xanım Sultanovun xəstə olduğundan məhkəməyə gəlməyib. Onun istintaqa verdiyi ifadə elan edilib.
Eldar İsmayılov məhkəmə istintaqının başa çatdığını elan edib. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi dekabrın 1-də davam edəcək.
Qeyd edək ki, hadisə bu il mayın 25-də Sabunçu rayonu Maştağa qəsəbəsi Ləhic bağları adlanan yerdə qeydə alınıb. Əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Sultanov İmran Məmmədəli oğlu öldürmək məqsədi ilə tüfənglə qardaşı Tərlan İmranova atəş açıb. Tərlan Sultanov xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Polis əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində İmran Sultanov saxlanılıb.
İmran Sultanov Cinayət Məcəlləsinin 29.120.1-ci ( öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.