“Qardaş başqa, dost başqa, Azərbaycanla Türkiyə iki bədəndə bir candır” – Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ

“Qardaş başqa, dost başqa, Azərbaycanla Türkiyə iki bədəndə bir candır” – Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ

  • "Türkmənistan-Azərbaycan münasibətləri heç vaxt bu qədər yüksək səviyyədə olmamışdı”

  • "Qarabağ zəfəri türk millətinin belini dikəltdi, ruhunu diriltdi”

  • "Proses Şimali Kiprin tanınmasına doğru gedir”

  • "Adında ‘Türk’ olan bir Cümhuriyyətin qurulmasını Atatürkə bağışlaya bilmirlər”

  • "Qərbi Azərbaycan milli məsələdir, təzyiq vasitəsi deyil”

  • "FETÖ Azərbaycanda qabıq dəyişdirib fəaliyyətinə davam edir”

  • "Bizdə heç vaxt ailə mübarizə silahı olmayıb”

  • "Əxlaqsızlığı yaymaq və təbliğ etmək nə vaxtdan söz azadlığı olub?”

  • "Əlimdən gələni Neftçala üçün etmişəm, etməyə də davam edəcəm”

  • "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün”

Bu sitatlar Azərbaycan Milli Məclisinin üzvü Tənzilə Rüstəmxanlının 2025-ci ilin yekunlarına dair müsahibəsindəndir. Çox məsələyə toxunduq. Avropaya, oradan Türkiyəyə keçib, Neftçaladakı problemlərə qədər çox məsələni müzakirə etdik. Türkün düşmənlərindən, içimizdəki FETÖ-dən, əxlaq düşmənlərindən danışdıq. Qarabağın azad olmasının Şimali Kipr üçün bir açar olduğuna, Türkmənistanın da İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Türk Birliyində aktiv rol almasını müzakirə etdik. Beləliklə, "Yeni Çağ”ın müsahibi millət vəkili Tənzilə Rüstəmxanlıdır.


— 2025-ci ilin də artıq son günlərini yaşayırıq. Öncəliklə bu il də millət vəkili olaraq həm rayonda, həm ölkə daxilində, həm ölkə xaricində qaynar bir il keçirdiniz. Bu il öncəliklə nələrlə yadınızda qaldı?

— İl ümumiyyətlə necə başladı, necə qurtardı, hiss etmək belə mümkün deyil. Çünki çox aktiv tempdə işlərimiz var. Özəlliklə rayonda ayda iki dəfə seçicilərimlə görüşürəm. Əlavə olaraq Milli Məclisdə əsasən plenar iclaslar, komitə iclaslarında iştirak edirəm.

Azərbaycandan kənarda, beynəlxalq arenada ümummilli məsələlərimizlə bağlı həmişə gördüyümüz işlərlə də yolumuza davam edirik. Özəlliklə bu il çox məhsuldar keçdi. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında beynəlxalq konfranslarımız oldu.

Millət vəkili olana qədər də mənim işim çox idi. Hətta o vaxtlar daha çox idi, çünki beynəlxalq konfranslara çox gedirdim. Ancaq indi bəzən konfranslara dəvət edirlər və çoxuna qatıla bilmirəm.

İlə gəlincə, bir sözlə, çox əlamətdar il oldu. 8 avqustda Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması, ondan öncə Türk Dövlətləri Təşkilatının bir araya gəlməsi və Azərbaycanın Qarabağ bölgəsində, özəlliklə Türk dövlətlərindən Özbəkistanın Şuşanın bərpa işlərində yaxından iştirak etməsi və s. proseslər də yadda qalan idi.

Azərbaycana münasibətdə bu ilin ən çox yadda qalan dövlətlərindən biri Türkmənistan oldu. Qəbələdə keçirilən Türk Dövlətlərinin zirvə toplantısında ən yüksək səviyyədə Türkmənistanın təmsil olunması Türkmənistan parlament işçi qrupunun rəhbəri olaraq çox sevindirdi. Qısacası, Türkmənistan-Azərbaycan münasibətləri heç vaxt bu qədər yüksək səviyyədə olmamışdı.

Bu uğurların hamısı Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Türk Dövlətləri Təşkilatının bir araya gəlməsi üçün böyük siyasi gedişatlar etdi, anlayışla və çox səbirli yanaşma sərgilədi. Bu səbəbdən də şəxsən mənim üçün ən çox yadda qalan məsələlərdən biri Türkmənistanın işğaldan azad etdiyimiz Qarabağ torpaqlarında məscidin inşa edilməsi ilə bağlı qərar qəbul etməsi oldu. Qarabağda quruculuq və bərpa işlərində iştirakı həm Türkmənistan, həm Azərbaycan, həm də Türk dünyası adına ciddi addımdır.

Həmçinin Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Qərbi Azərbaycana Qayıdış konsepsiyası çərçivəsində Azərbaycan-Türkiyə Evi olaraq Ankarada Qərbi Azərbaycan İcması ilə birgə böyük beynəlxalq elmi konfrans gerçəkləşdirdik. Türkiyəmizin çox önəmli bilim insanlarının qatıldığı möhtəşəm konfrans oldu.

media-img_3505

"Qarabağ zəfəri türk millətinin belini dikəltdi, ruhunu diriltdi”

— Sanki Qarabağ zəfərimizdən sonra Türk Dövlətləri Təşkilatı Azərbaycan lokomotivi ilə fəaliyyət göstərir. Hətta Yunanıstanın, Avropa Birliyinin müəyyən təxribatları olsa da, bunun qarşısı yenə Azərbaycan tərəfindən alındı.

— Belə deyək də, Qarabağ zəfərindən sonra Azərbaycanı bu bölgənin aparıcı gücü olaraq tanımaq məcburiyyətində qaldılar. Etiraf etdilər ki, burada siyasi manevrlərə yön verən Azərbaycan var. Onun başında isə Qarabağı işğaldan azad edən, böyük zəfəri bu xalqın şanlı və şərəfli səhifələrinə yazan prezidenti, lideri var. Bunu etiraf etmək məcburiyyətində qaldılar.

Azərbaycan regionun aparıcı güclərindən biridir. Bölgədə siyasətə yön verən ölkədir. Burada hər hansı iqtisadi-siyasi layihələrin Azərbaycansız olmayacağını artıq etiraf etməyə məcbur idilər. Bir sözlə, Qarabağ zəfəri Azərbaycana çox şey qazandırdı.

Birinci növbədə, Türk Dövlətləri Təşkilatının fəaliyyəti daha aktiv şəkildə həyata keçirildi. Görüşlər, qəbul edilən qərarlarla artıq elə məsələlər gündəmə gəldi ki, biz onu on il bundan qabaq düşünə belə bilməzdik. Ancaq indi görürük ki, bunlar hamısı addım-addım həyata keçirilir.

Türk milliyyətçisi olaraq arzu etdiyim, görmək istədiyim nə qədər önəmli məsələlər varsa hamısı bir-bir həyata keçir. Türk Dövlətləri Təşkilatının bu qədər güclənməsində Qarabağ zəfərinin çox böyük rolu oldu. Sanki türk millətinin belini dikəltdi, ruhunu diriltdi. Zəfər belədir, qələbə budur…

İki yüz ildən yuxarı bir zaman kəsiyində hər zaman torpaq itirən türk milləti vardı. Həmin türk milləti Qarabağı öz biləyinin gücü, alnının təri, şəhidinin qanı, ordusu və milləti ilə aldı. Türkiyə və Azərbaycanın birliyi bu millətə Qarabağ zəfərini gətirdi.

media-img_3520

"Proses Şimali Kiprin tanınmasına doğru gedir”

— Bu məsələdə ən çox qazanclı çıxan ölkələrdən biri də Şimali Kipr Türk Cümhuriyyəti oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "yaxın gələcəkdə Şimali Kipri müşahidəçi üzvlüyündən Türk Dövlətləri Təşkilatının əsl üzvlərindən biri kimi görmək istəyirik” dedi.

— Əslində bütün addımlar ona doğru gedir. Niyə də olmasın? Şimali Kipr hamımızın, bütün Türk millətinin "yavru vətən”idir, qalalarından biridir. Ona görə də o qalanın yenilməməsi lazımdır. Bu gün o adanın bir hissəsində yunanlar, bir hissəsində türklər yaşayır.

Şimali Kipr Türk Cümhuriyyətinin Türk dövlətləri arasında bayrağının dalğalanmasını Türk millətinin ən böyük uğuru kimi hesab edəcəyik. Artıq onun üçün zəmin hazırlanıb. Əlbəttə, Türkiyəmizin və Azərbaycanın burada çox önəmli bir rolu var.

Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin dövlət başçısını, rəsmilərini ən yüksək səviyyədə qəbul edib. Bunu 10 il, 20 il bundan qabaq etmək mümkün deyildi. İlham Əliyev Türk millətinin tarixini, gələcəkdə bu birliyin türk millətinə nə gətirəcəyini elmi şəkildə dərk edən bir siyasi liderdir.

media-img_3534

"Qərbi Azərbaycan milli məsələdir, təzyiq vasitəsi deyil”

— Bir çoxları düşünürdü ki, Qərbi Azərbaycan məsələsi Ermənistana təzyiq vasitəsidir. Amma gəldiyimiz nöqtədə görürük ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı həssaslığı tamam fərqli bir siyasətdir.

— Prezidentimiz Qərbi Azərbaycanın qətiyyən təzyiq vasitəsi olaraq istifadə olunmadığını dünyaya sübut etdi. Bu məsələnin Azərbaycanın milli məsələsi olduğunu bir daha vurğuladı. Qərbi Azərbaycan məsələsinin hansısa zaman kəsiyində istifadə ediləcək deyil, həyata keçirilənə qədər vaz keçilməyəcək milli məsələ olduğunu hər addımında, hər mesajında göstərdi.

O, bu məsələdə çox səmimidir. Həmin bölgənin insanlarının tarixini, onlara edilən haqsızlıqları, zülmləri, haqlarının necə pozulduğunu bilir.

Oradan 1988-ci ildə son köçə məcbur edilmiş 300 minə yaxın Azərbaycan türkünün hüququnu, haqqını görməyən, Azərbaycan əleyhinə qərarlar çıxaran Avropa ilə üz-üzəyik. Bu məsələdən nə Azərbaycan xalqı, nə də dövləti geri çəkilməyəcək. Çünki insan hüquqları Ermənistandan köçə məcbur edilmiş insanların öz ata-baba torpaqlarına qayıdaraq orada yaşama hüquqlarını yenidən qazanmasının özüdür.

— Zaman-zaman Türkiyə ilə Azərbaycan münasibətlərini sınağa çəkməyə, pozmağa çalışıblar. Hətta zəfərlə bitən 44 günlük Vətən müharibəsində də bizim münasibətlərimizə kölgə salmağa çalışdılar. Bu il də İsrail üzərindən Azərbaycanı vurmağa çalışdılar. Hətta Misirlə İsrail arasında 35 milyardlıq qaz, enerji anlaşması oldu, Türkiyədən heç kimin məsələ ilə bağlı səsi çıxmadı. Amma Azərbaycan-İsrail ticarət əlaqələrində 48-ci yerdə olmasına rəğmən, bütün məsələlərdə Azərbaycanın adını İsrailin ən yaxın müttəfiqi kimi hallandırırlar.

"Adında ‘Türk’ olan bir Cümhuriyyətin qurulmasını Atatürkə bağışlaya bilmirlər”

media-img_3523

— Bu mövzu bizim yaralı yerimizdir. Türkiyə Osmanlı İmperatorluğunun varisidir. İndi də Avropanın üzərində ən çox oyun qurduğu ölkə Türkiyədir. Təkcə Avropa da deyil, Türkiyənin içində qarışıqlıq yaratmağa çalışan ölkələr çoxdur. Xüsusilə ermənilərdən bu məsələdə silah olaraq istifadə ediblər. "Erməni soyqırımı” məsələsi də ona görə hər zaman erməni xalqından çox Avropanın və Ermənistandan daha güclü olan erməni lobbisinin, yəni Fransanın gündəmində olub.

Qərb Türkiyənin sağlam müttəfiqlərinin olmasını heç vaxt istəməyib. Osmanlını da belə param-parça etdilər. Məhv olmuş, dağılmış, "xəstə adam” adı verilmiş Osmanlı İmperatorluğunun üstündən türk milləti əliyalın ayağa qalxdı, İstiqlal savaşı verdi, Atatürkün öndərliyində Türkiyə Cümhuriyyəti dövlətini qurdu. Avropa bu gün də bunu həzm edə bilmir. Adında "Türk” olan bir Cümhuriyyətin qurulmasını Atatürkə bağışlaya bilmirlər.

Türkiyənin müttəfiqlərinə baxaq. Ən sağlamı mənəvi, tarixi baxımdan, ortaq acıları və şəhidləri olan Azərbaycan var Türk dünyasında. Digər türk dövlətləri də var, amma heç biri Türkiyə müttəfiqliyində Azərbaycan kimi deyil. Ona görə də çalışırlar ki, iki ölkə arasına nifaq salsınlar.

İllər öncə Bursada bayraq krizi çıxartdılar. Həmin dəqiqə bizdəki rus zehniyyətlilər Şəhidlər xiyabanında Nuru paşanın əsgərlərinin üzərindən türk bayrağını endirməyə qalxdılar. O, Ramiz Mehdiyev zehniyyəti idi.

İndi də Türkiyəmizdə heç də xoş niyyətli olmayan bir qrup dindar var. Xüsusilə Fələstin məsələsi ilə bağlı danışsalar da, dərdləri Fələstin deyil. Fələstin üzərindən Azərbaycana təzyiq etməkdir. Azərbaycan-Türkiyə münasibətlərində Qarabağ zəfəri ilə gəlmiş qalibiyyət bunlara lazım deyildi.

Sanki Azərbaycan Fələstində baş verənləri təqdir edirmiş kimi imic formalaşdırmağa çalışırlar. Azərbaycan dövləti hər zaman bu məsələni qınayıb və münasibət bildirib. Lakin Qarabağ zəfərində beynəlxalq siyasi və ictimai rəyin Azərbaycanın lehinə çevrilməsində yəhudi diasporasının xidmətini də unuda bilmərik. Bizə torpağımızı geri almaq lazım idi. Türkiyə qədər olmasa da, İsrail də, Pakistan da Azərbaycan dövlətinə dəstək verdi.

Bunların hamısı Azərbaycan-Türkiyə münasibətlərini zədələmək, ona kölgə salmaq üçündür. Biz tarixin ən ağır sınaqlarından keçmişik. "Qardaş” başqa, dost başqa şeydir. Türkiyə-Azərbaycan iki bədəndə bir candır, bunu kimsə ayıra bilməz. Ayırmaq üçün çeşidli hiylələr, fitnə-fəsad püskürürlər. Ağlı başında olanlar, dövlətin mənafeyini əsas tutanlar elə Türkiyənin özündə onların cavabını veriblər.

Türkiyədə bu dəqiqə ən həssas mövzulardan biri də Azərbaycan məsələsidir. Ölkəmiz əleyhinə nəsə çıxarda bilməzlər. İpi başqalarının əlində olub, okeanın o başından, hətta erməni diasporasından, Soros kimi fondlardan, FETÖ-dən gələn maliyyə qaynaqlarına bağlı olan qurumların fitnə-fəsadının qarşısını dövlətlərimiz alacaqdır. Millətimiz bunların fərqindədir.

media-img_3495

"FETÖ Azərbaycanda qabıq dəyişdirdi”

Azərbaycanda bu gün FETÖ-nün ilan kimi qabığını dəyişmiş, amma çox yerlərdə fəaliyyətlərini saman altından davam etdirən adamları var. Düşünürlər ki, camaatın bunlardan xəbəri yoxdur. Amma biz çox şeyin fərqindəyik. Onlar heç vaxt əməllərindən, düşüncələrindən vaz keçməyəcək. Millət və vətən anlayışı şəxsi çıxarlarının çox aşağısında durur. Onlar vətənlərini, torpaqlarını çox ucuz satan kəsimdir. Ruhunu şeytana satmışlara qəhrəman deyə bilmərik.

"Bizdə heç vaxt ailə mübarizə silahı olmayıb”

— Sosial media ilə bağlı düşüncələriniz də maraqlıdır. Bu günlərdə bu barədə sərt bir çıxışınızın şahidi olduq.

— Millətlər tarixdə hər zaman öz əxlaqı ilə qalır. Hər zaman əxlaqı yerində olan millətlərə hörmət edilib. Hər şey insandan başlayır. Mən türk millətinin nümayəndəsiyəm. Türk millətinin tarixinə və əxlaqına, aldığım ailə tərbiyəsinə baxaram. Bizdə heç vaxt ailə mübarizə silahı olmayıb. Türk milləti bunu heç qəbul etməz. Türk milləti mərdcəsinə savaşıb və tarix yazıb. Məni təəssüfləndirən məqam iki kişi savaşında qadının söyüş aləti olmasıdır. Bu bizim millətimizdir? Mənim millətim belə olmayıb, mənim millətimin belə əxlaqı yoxdur.

Bu millətin əxlaqı, ağlı ilə oynayırlar. Az qala senzuranın geri gəlməsini istəmək arzusu doğururlar insanlarda ki, əxlaqsızlığa son verilsin. Sosial mediada dezinformasiya ilə bir şəkil qoyurlar, altına ən əxlaqsız sözləri yazırlar. Bu nə əxlaqdır? İki kişi arasında ağıza almağa utanılan sözlər sosial media platformalarında uçuşur. Uşaq videoları paylaşılır. Bu nə dəhşətdir… Dur deməliyik.

Sosial media ilə bağlı Milli Məclisdə müzakirələr aparılır. Ciddi şəkildə dövlətimiz qanunlar qəbul etməlidir. Gərəkdirsə millətin övladlarının gələcəyini məhv edən o sosial mediaların hamısını qapatsınlar. Böyük cəzalar və təzminatlar qoyulmalıdır.

"Əxlaqsızlığı yaymaq və təbliğ etmək nə vaxtdan söz azadlığı olub?”

Əxlaqsızlığı yaymaq və təbliğ etmək nə vaxtdan söz azadlığı olub? Millətin ziyalısı ağzını açmağa qorxur, çünki söyüş kampaniyası var. Millətin aydınları nə olursa-olsun söyüş kampaniyasının qarşısında sinəsini sipər etməlidir. Buna bir dur demək lazımdır. Mən səhifələri oxuya bilmirəm, utanıram, ətim ürpəşir. Bu əxlaqsız sürüsü harada yetişdi? Nə haqqı var bu əxlaqsız sürüsünün mənim millətimin övladlarının əxlaqını pozmağa?

Tənqid normaldır. Heç kəs büt deyil, heç kəs toxunulmaz deyil, amma heç kimin ixtiyarı yoxdur təhqir etməyə. Sosial mediamızı ermənilər də oxuyur. Bizə düşmən lazımdır? Ləkə və çirkab atılmayan ziyalımız qalmayıb. Qəsdən edirlər bunu, millətin əlçatmaz dəyərlərini əlçatan edirlər. Biz millət olaraq faciə ilə üz-üzəyik.

Bunun ən böyük günahkarlarından biri əlində qələm tutan, özünə jurnalist deyənlərdir. Jurnalistlər etik dərslər keçirlər. Bunların isə heç birinin jurnalist təhsili yoxdur, heç təhsil də almayıblar. Sayt qurub reketliklə məşğuldurlar. Xaricdəki söyüş dəstəsini Azərbaycanın içindən izləyirlər. Onlara izlənmə rekordları qırdıran maraqlı dəstələr var. Onlara maliyyə yardımları edirlər. Kimin kimdən xoşu gəlmirsə, oradakı dəstəyə pul verir ki, Azərbaycanın əlçatmaz dəyər hesab etdiyi bir çox ziyalını söydürsünlər. Dövlətimiz bunun qarşısını almalıdır.

media-img_3519

 

"Əlimdən gələni Neftçala üçün etmişəm, etməyə də davam edəcəm”

— Bu il həm də millət vəkili olaraq bir iliniz tamam oldu. Türkiyəyə, Kiprə, Avropaya getdik, qayıdaq Neftçalaya. Nələr gördünüz?

— Neftçala çox çətin seçki bölgəsidir. Xüsusilə sosial problemləri çox olan bölgəmizdir. Bir il müddətində Neftçalanın demək olar ki, bütün kəndlərində görüşlərdə olmuşam. Onlara söz vermişdim ki, bütün gücümü Neftçalanın problemləri üçün sərf edəcəyəm. Əlbəttə, insanlar bununla kifayətlənmirlər, şəxsi problemlərinin həllini istəyirlər. Məsələn, yol və qaz məsələsindən danışdığım zaman "onun mənə nə dəxli var? Mənim şəxsi məsələmi çöz” deyirlər.

Neftçala Rayon İcra Hakimiyyəti ilə birgə məsləhətləşirik. Azı beş nazirliklə görüşmüşəm. Xüsusilə Yeniqışlaq kəndinin qazlaşdırılması məsələsinin üzərində çox ciddi durmuşam. Problemlərin həlli üçün bütün instansiyalara müraciət etmişəm. Bir çoxları artıq müsbət nəticələr verməyə başlayıb.

Həmçinin su məsələsi ətrafında gözəl işlər də oldu. Seçkiyə qatılanda, yayın o istisində ayda bir dəfə Həsənabad kəndinə içməli su verirdilər. İndi hər həftə ora su gəlir. Su boruları o qədər köhnədir ki, böyük su itkisi baş verir. Qarşısını almaq üçün təməl yenilənməsi lazımdır. Biz o layihəni həyata keçirdik, dövlət də təsdiq etdi. Layihə təsdiq olunduğuna görə sərəncam verilib, ora yeni su sistemi çəkiləcək.

Bir sözlə, çox müsbət işlər var, bunu kitab halına gətirmişik. Harada nə görüşümüz olub, hansı layihələr bizim təklifimizlə həyata keçirilib — hamısının hesabatını dövlətimizə, Milli Məclisə veririk.

Millət vəkilinin bir ildə görə biləcəyi nə iş vardısa əlimdən gələni Neftçala üçün etmişəm, etməyə də davam edəcəm. Neftçala bunu bilsə də, bilməsə də. Çünki bu mənim vicdan məsələmdir. Mən millətimə xidməti sənətə çevirən adamam.

media-img_3526

"Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün”

— İlin sonu həm Həmrəylik günümüzdür, həm də Prezident İlham Əliyevin doğum günü oldu. Bu ikisi ilə bağlı ürək sözlərinizi istəyərdik.

— Qarabağın azadlığı, Xocalı üçün həmrəy olmağa çağırırdıq xalqımızı. Şükür ki, Qarabağımız işğaldan azad edildi. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Həm də bu il önəmli  "Azərbaycan Konstitusiya və Suverenlik İli” idi. Onu Azərbaycan bərpa etdi. Xocalı bizim qanayan yaramızdır, bitməz acımızdır. Xocalıya ədalətin hər zaman arxasında olacağıq.

Bu gün münasibətilə xalqımıza hər zaman Azərbaycanın maraqlarını üstün tutmaları arzularımı çatdırmaq istəyirəm. Yeni il gələcək, təqvimdə il dəyişəcəkdir. Allah-təala onlara, ailələrinə hüzur və özlərinə də can sağlığı versin. Harada yaşamasından asılı olmayaraq, bura, Azərbaycan onların vətənidir.

Qarabağ zəfəri və onun memarı olan Müzəffər Ali Baş Komandanın adı tarixin səhifələrini bəzəyən qəhrəmanlar kimi bu millətin tarixinin ən şərəfli yerində olacaqdır. Çünki o, bu millətin alnına yazılan "məğlub xalq” ləkəsini sildi, "qalib xalq” imicini formalaşdırdı. Bu millətin övladları Qarabağ zəfəri ilə hər zaman qürurlanacaq. Qarabağ uğrunda can verən şəhidlərimizin ruhu qarşısında hər zaman baş əyəcəyik. Bu vətən və millət onları heç vaxt unutmayacaq.

Nihal Atsızın çox güzel misrası var: "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün”.

Yurdu yaşatmaq üçün can verən şəhidlərimizin ruhu qarşısında hər zaman baş əyirik. Onlar bizim, bu millətin ən əziz xatirəsində əziz tutulub yaşayacaqlar. Prezident İlham Əliyevə bu millətin tarixini Qarabağ zəfəri ilə taclandırdığına görə təşəkkür edir, ona sağlam və uzun ömürlər arzu eləyirəm.

Xəbər 70 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR