Mətbuatda Qaradağ İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri Rasim Hüseynovun səsinin qeydə alındığı şok audio yazı yayılıb.
Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, reportyor.tv saytının tirajladığı bu səs yazısında Qarabağ Müharibəsi iştirakçısı, 2-ci qrup əlil İsmayılov Natiq İsmayıl oğlundan külli miqdarda rüşvət istəyən şəxsin Rasim Hüseynov olduğu iddia edilir.
Qeyd olunur ki, Qarabağ Qazisi Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş Hüuqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən 0190168 № li Çıxarışı ilə də rəsmiləşdirilən fərdi yaşayış sahəsi üçün mülkiyyətində olan torpaq sahəsində tikinti aparmaq Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etmiş, əvvəl İH başçısının müavini Elnur Qurbanov onlardan 100.000 manat rüşvət istəsə də, sonradan icra hakimiyyətinin Hüquq Şöbəsinin müdiri Rasim Hüseynov 80.000 manatla razılaşıb.
Ən acınacaqlı hal isə, şikayətçinin “bəs Cənab Prezident çıxışları zamanı sahibkarlara və vətəndaşlara şərait yaradılsın deyir” sualına İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri Prezidentin çağırışına rişxəndlə cavab verməklə bunları söyləyib: “Prezident çox söz deyir, prezident deyir ki, guya Qaradağ rayonunda 600 yeni iş yerləri açılıb. Ancaq 162 manata hansı “qurumsaq” işləyər? (Reportyor.tv) Prezident sahibkarlara kredit ayrılmasını tapşırır, 100.000 manat verilən kreditdən deyirlər ki, 50.000 manatını qoy burda get. Məsələn siz tikinti tikmək üçün istədiyimiz 80.000 manatı verməsəniz, bizə tikinti ilə bağlı müraciət edəsi olsanız, biz də rəsmi olaraq cavab verəcəyik ki, mümkün deyil, icazə verilmir. Siz də axırda məcbur qalıb dediyimiz məbləği verməklə, tikəcəksiniz. Bəlkə də siz həmin məbləğlə başqa yerdə 4 obyekt ala bilərsiniz, amma burada qiymət belədir. Mən icra başçısının pul mövzusunda ən etibar etdiyi adamam. Bu işə əvvəllər İH-da çoxları baxıb, amma hamısı da başçıya “atıblar”deyə mənə həvalə olunub. Məsələn, mən aldığım 50.000 puldan mənə icra başçısı 1000 manat pul verə ya verməyə” və s. bu kimi sözləri ilə paytaxtımızın olduqca strateji və sənaye baxımından böyük əhəmiyyətə malik olan bir rayonunun vəzifəli şəxsi tərəfindən səslənən bu fikirlər son dərəcə təəssüf doğurur.
Şöbə müdiri söhbət zamanı Lökbatandakı şadlıq saraylarından birinin tikintisinə icazə verilməsi üçün 800 min manat (!) rüşvət aldıqlarını da etiraf edir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun adının hallandığı bu qalmaqallı faktın aidiyyatı qurumlar tərəfindən araşdırılacağına ümid edirik.
Qaynarinfo.Az