Aprel döyüşlərindən sonra cəmiyyətdə Dağlıq Qarabağın işğalının 25-ci ildönümündə avtomatik olaraq Ermənistana birləşdiriləcəyi ilə bağlı fikirlər səsləndirilir. Bəziləri hətta beynəlxalq qanunların bunu tələb etdiyini deyir.
Bəs həqiqət nədən ibarətdir? Həqiqətənmi beynəlxalq qanunlarla işğalından 25 il keçdikdən sonra torpaqlar işğalçı dövlətə ilhaq olunur?
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan hərbi ekspert Azad İsayev nümunələr əsasında sözügedən fikirlərin yanlış olduğunu deyib: “Əvvəla beynəlxalq qanunlarda belə bir şey yazılmayıb. Nümunə olaraq ikinci dünya müharibəsindən sonra SSRİ-nin Yaponiyanın 4 adasını işğal etməsini göstərmək olar. İndiyə kimi Yaponiya onun üzərində mübarizə aparır və beynəlxalq səviyyədə onun qaytarılmasına çalışır. İkinci, Tailand adası ayrıca bir dövlətdir və Çin də tələb edir ki, o qayıtsın. Belə nümunələr “n” qədərdir. Beynəlxalq praktika və beynəlxalq sazişlərə görə, torpaq işğalı məsələsində zaman nisbəti yoxdur. Bu, birmənalıdır. Ona görə burada vaxt məsələsi rol oynaya bilməz. Heç kim deyə bilməz ki, bu torpaqlar müəyyən vaxt ərzindən sonra ermənilərə qalacaq. Hətta 100 il də davam eləsə, yenə biz bu problemi səsləndirə və torpaqlarımızı azad edə bilərik”.
A.İsayev ermənilərin Türkiyəyə qarşı torpaq iddialarından da bəhs edib: “100 ildən artıqdır, ermənilər hesab edir ki, onları Türkiyədən qovublar və indi də onlara qarşı ərazi iddiaları var. Söhbət Qarsdan, Ərzurumdan gedir. Onlar da iddia edir ki, bu onların torpağıdır. Ona görə Ermənistan heç vaxt Qarabağın sahibi ola bilməz. Dağlıq Qarabağ Azərbaycana məxsusdur və gec və ya tez də öz yiyəsinə qayıdacaq”.
Siyasi şərhçi Zərdüşt Əlizadə isə belə şayiələri yayanları müəyyən qədər maariflənməyə çağırıb: “Belə deyən adamlara məsləhət görürəm ki, cinayət məcəlləsinə baxsınlar, qanunlara göz gəzdirsinlər. Orada belə bir şey varmı ki, kimsə kimdənsə nəsə oğurlayır və üstündən 25 il keçir, həmin oğurladığı şey ona mənsub olur və məsuliyyətdən azad edilirlər? Belə boş-boş şayiələr yayacaqlarına oturub vətən, dövlət haqqında düşünsünlər”.