Qarabağla bağlı məruzə Azərbaycanın təklifi ilə dəyişdirildi

Qarabağla bağlı məruzə Azərbaycanın təklifi ilə dəyişdirildi

AŞPA Siyasi Məsələlər Komitəsində Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzə müzakirə edilərək qəbul edilib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin məruzəyə təklif etdiyi 3 düzəliş də qəbul edilib: “Bu düzəlişlərdən biri məruzənin 4-cü bəndində “...Dağlıq Qarabağ regionuna dair münaqişə hələ də həll edilməmişdir” ifadəsinin “...Azərbaycanın işğal olunmuş əraziləri hələ də işğaldan azad edilməmişdir” ifadəsi ilə əvəz edilməsini ehtiva edir. İkinci düzəlişdə D. Əsgərov və Ş. Quliyevin qeyd-şərtsiz azadlığa buraxılması ilə bağlı “...işğalçı qüvvə olan Ermənistanın dərhal azad etməsini təmin etməyə çağırır” ifadəsi təklif edilmişdi. Nəhayət, irəli sürdüyümüz 3-cü düzəlişdə Ermənistan hakimiyyətinin məruzəçi ilə əməkdaşlıqdan imtina etməsinə “təəssüflənir” ifadəsinin “qətiyyətlə pislənir” ifadəsi ilə əvəzlənməsi əks etdirilir”.

E. Süleymanov bildirib ki, Azərbaycan tərəfi Ermənistan nümayəndə heyəti və ermənipərəst qüvvələrin komitə iclasında qeyd edilən məruzənin qəbul edilməsinin qarşısını almaq üçün təxribat tərkibli müxtəlif vasitə və metodlardan istifadə edəcəyinə hazır olub: “Ermənistan tərəfinin məruzəçi ilə əməkdaşlıqdan imtina etməsi bunu düşünməyə əsas verirdi. Bundan əlavə, işğalçı Ermənistanın kütləvi informasiya vasitələri Komitənin 4 noyabrda Parisdə keçiriləcək iclası ərəfəsində məruzədə çoxsaylı anti-erməni müddəanın olması və məruzənin bütövlükdə Azərbaycan yönümlü xarakter daşıdığı barədə materiallar dərc etdi. Digər tərəfdən, müzakirələrdə Ermənistanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Haqdalyan, üzvlər Rustamyan və Karapetyan iştirak edirdi. Onlar inadkarlıqla riyakarlıq nümayiş etdirərək, məruzənin qəbul edilməsinin qarşısını almağa çalışırdılar. Onlar hətta bütövlüklə reallığı inkar edərək, həyasızcasına bu qətnamənin ləğv edilməsi və bir daha bu mövzuya qayıdılmaması təklifini irəli sürdülər. Erməni tərəfinin bu sərsəm təklifi səsə qoyuldu və 14 səs lehinə, 24 səs isə əleyhinə olmaqla rədd edildi”.

Millət vəkili Azərbaycanın maraqlarına zidd olan 3 düzəlişin də qəbul edilmədiyini bildirib. Onun sözlərinə görə, bu gün qəbul edilən məruzə AŞPA-nın yanvar sessiyasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, məruzədə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və iyirmi ildən artıq müddət ərzində işğal altında saxlanılması öz əksini tapıb. Sənəddə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən qətnamələr xatırladılır, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işinə dair 2015-ci il iyun tarixli qərarında Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə nəzarət etməsinin sübuta yetirildiyi qeyd edilir, girov götürülmüş D.Əsgərov və Ş.Quliyevin Dağlıq Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilir.

Xəbər 527 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR