Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan millət vəkili Mark Hauptmann Qarabağda qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması ilə əlaqədar açıqlama ilə çıxış edib.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, M. Hauptmann bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfdən itkilərə gətirə biləcək hərbi yolla həll edilməsinə qarşıdırlar. M. Hauptmann məsələnin diplomatik yolla həllinə tərəfdar olduqlarını vurğulayıb: “Almaniyanın sədrliyi altında ATƏT çox mühüm rol oynayır və Almaniyanın da iştirak etdiyi Minsk Qrupu diplomatik həll prosesində fəal iştirak etməlidir. Başlıca məqsəd atəşkəsə nail olmaqdır. Minsk Qrupunun cəhdlərinin uzunmüddətli məqsədinə dair heç bir şübhə olmamalıdır. Söhbət Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsinin Azərbaycana qaytarılmasından gedir. Bu məqsəd 1993-cü ildən bəri mövcuddur və BMT Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə (882, 853, 874, 884) təsdiq edilib. Sülh və diplomatik həll yoluna dair Ermənistan və Rusiya tərəfindən “münaqişənin dondurulması və gözləmə mövqeyində olması” prinsipini daha qəbul edə bilmərik. Bu prinsip beynəlxalq birlik tərəfindən tənqid hədəfinə çevrilməlidir”.