“Qarabağı almağa 3-4 saat bəs edər” - Polkovnik

“Qarabağı almağa 3-4 saat bəs edər”  - Polkovnik

İbrahim İbadoğlu imzasını tanıtmaq, onun haqqında yazı yazmaq düşünürəm ki, əbəs olar. “Azərbaycan Ordusu” qəzeti yaranan gündən orada çalışıb.


Dəfələrlə döyüş bölgəsində olub. Jurnalist kimi getdiyi cəbhə xəttində səngərdə əsgərlərimizlə birlikdə döyüşüb. İndi istefada olan polkovnik-leytenant, əməkdar jurnalist və bir çox dövlət mükafatları almış veterandır. “Veteran” sözü ona heç yaraşmır. Həmişəki kimi cəld, enerjili və yaradıcı əhval-ruhiyyədədir. Bakıda, Xəzərin içərilərinə girmiş Zığ burnunda kiçik, xudmani bir bağ salıb. Bura əsl nəbatat bağıdır. Tez-tez orada görüşürük. Məni samovar çayına qonaq edir. Bu dəfə də samovara od saldı, mən isə “Xatirə dəftəri” layihəsinin suallarını ona ünvanladım:

Həyatımın bütün dönəmlərində yaşamaq çətin olub...

- Ordudan təxris olunduqdan sonra necə hiss edirsən özünü?

- Necəliyimin ətrafa nə dərəcədə dəxli olduğunu nəzərə alsaq, daha geniş əhatə dairəsində görünmək üçün yalnız bu ifadəni seçərdim: bir insan kimi formamı həmişə qorumağa çalışmışam. Bu cəhətin təbiətimə irsən keçdiyini düşünürəm. Yəni öz “günahım” deyil. Mənim soy-köküm Qars vilayətindəndir. Ulularım daim at belində olublar: qoca babamın atasını Qarsda, atamın babasını Göyçədə dəfn etmişik. Mənim babamın qismətinə alman, oğlumun babasının qismətinə isə Biləsuvar torpağı düşüb... Bütün bunlar həyat tarixçəmdəki adi faktlar, sadalamalar deyil; əksinə, bugünkü necəliyimin istər mənəvi, istərsə də fiziki coğrafiyasının sərhədlərini müəyyənləşdirən özüllərdir. Həyatımda soy-kökümlə ruhi bağlılığımın davamlı və inadkar təsirini həmişə hiss etmişəm.

O ki qaldı sualının ikinci hissəsinə, Faiq, mən ordudan təxris olunmuşam, həyatdan yox. Dəyişən libasımdı, məzmunum deyil. Düzdü, hər şeyin belə asanlıqla "əriyəcəyinə" inanmırdım. Vaxta, zamana onsuz da etibarım yox idi, ancaq adamların bir bu qədər elastikliyini də təsəvvürümə gətirmirdim. Fikrimcə, Azərbaycan insanı kifayət qədər qüsurludur. O, qan yaddaşından gələn, xüsusilə, yaşam üçün həyati əhəmiyyət daşıyan bir sıra dəyərləri çox asanlıqla ayaqlarının altına alıb tapdayır və eyni zamanda bütöv, güclü görünməyə çalışır: belə adamların arasında haqlı olduğunu sübut etmək üçün haqlı olmaq bəs etmir, dostum, bəs etmir. Bəlkə elə ona görə şəxsən mənim üçün həyatımın bütün dönəmlərində yaşamaq həmişə çətin olub...

Yaşadığı ömrün yarıdan çoxunu orduya, onun təbliğinə həsr edib, görəsən, qəzetlə yenə əlaqəsi varmı, deyə soruşmaq istəsəm də, sualım fərqli olur:

- Necə düşünürsən, "Azərbaycan Ordusu" qəzeti ordumuzun tam yanında dururmu?

- Bəri başdan deyim ki, qazandığım bütün uğurlara görə həyatımın ayrılmaz parçası saydığım "Azərbaycan Ordusu"na borcluyam. Ancaq o, çox talesiz qəzetdir. Bütün çətinlikləri ordumuzla bir sırada, çiyin-çiyinə yaşayıb: nə öz həqiqi mahiyyətini, nə də real gücünü göstərə bilib. Təsəvvür edin, əgər Azərbaycan Ordusu hücuma keçsə və yalnız erməni silahlı dəstələri ilə üz-üzə qalsa, nələr baş verər. Məncə, həlledici nəticə üçün bizə 3-4 saat yetər. Bunu bir jurnalist kimi yox, uzun müddət ordu sıralarında xidmət etmiş zabit kimi deyirəm. Yəni Ermənistanın Silahlı Qüvvələri yoxdur, bunu unutmayın; sadəcə, rejimin və maraqları üst-üstə düşən digər dövlətlərin siyasi və iqtisadi ambisiyalarını qoruyan silahlı bandası var. Ancaq onlar yetərincə mütəşəkkildirlər. Vəziyyət kifayət qədər ustalıqla idarə edilir. Bizdən fərqli olaraq orada bu prosesə orta hesabla Ermənistanın bütün ziyalıları cəlb olunub. Bununla belə, tam məsuliyyətlə deyirəm, erməni xalqı üçün Qarabağ məsələsi artıq ideoloji mahiyyətini itirib və iqtidarın şəxsi maraqlarına xidmət edən vasitəyə çevrilib. Elə ona görə də kənar müdaxilələri nəzərə almasaq, Azərbaycan Silahlı Qüvvələri ən qısa zaman kəsiyində öz adını tarixin yaddaşına böyük hərflərlə yazacaq.

Eyni sözləri "Azərbaycan Ordusu"nun da ünvanına söyləmək olar. Lakin mən bir qədər tələsirdim. Vaxtı qabaqlamaq, bir az öndə olmağımızı istəyirdim. Elə bu məqsədlə baş redaktor olduğum az müddətdə qəzetin həqiqi obrazını yaratmağa çalışdım. Redaktor kabinetində oturmadım. İkiqat səylə işlədim. Müxbirlərin hamısından çox yazdım, arayıb-axtardım. Redaksiyaya yaradıcılıq ab-havası gətirdim. Bunu heç kim inkar edə bilməz. Amma bir qrup dələduzun, riyakarın üzündən hər şeyi yarımçıq qoyub getdim... 

Biz heç vaxt bir-birimizlə yola getməmişik

- Demək olarmı ki, indi sərbəstsən və sənin boş vaxtın çoxdur?

- Sərbəstliyi, mənəvi azadlığı müəyyən mənada haradasa özəl cəhətim kimi görə bilirəm, amma vaxtın mənimlə düşmənçiliyi var. Biz heç vaxt bir-birimizlə yola getməmişik. O, mənim ən iddialı rəqibimdi. Haçansa min bir zülm-zillətlə, özü də nadir hallarda yiyələndiyim təşəbbüsü qısa zaman kəsiyində ustalıqla əlimdən alıb. Məni uşaq kimi arxasınca sürüyüb...

Ümumiyyətlə, vaxt üçün fərd, millət məfhumu yoxdur, daşlaşmış prinsiplər var və o prinsiplər güclüləri asta-asta, zəifləri isə bir həmlə ilə öz itaətkar quluna çevirir. Üstəlik, indi bizim yuxumuzun da pozulan vaxtıdır. Şüuraltıda aləm bir-birinə dəyib. İt yiyəsini tanımır. Guya dincəlmək üçün yatırıq, amma ayılanda yuxuda da qayğıların əlində oyuncaq olduğumuzu dərk edirik. Elə sənin özünü götürək. Masallıda istirahət evində bir otaqda qaldıq. Səhərədək yuxuda öz-özünlə danışırdın. Yəni artıq gecələrin qarmaqarışıq yuxularını da boş vaxtdan saymaq olmur, Faiq... 

- Bədii yaradıcılığa şeirlə gəldin. Sonralar "Qıfıl", "Xalça" kimi irihəcmli nəsr nümunələri qoydun ortaya. "Sərkərdə" kitabını yazdın. Necə düşünürsən, bədii yaradıcılığın kölgədə qalmadı ki?

Əlindəki maşa ilə samovara köz salır, nazik məftil maşanın “burnu” qızarır, gözlərini yaşardan tüstünü kənara qovur, aramla dillənir:

- Təkcə yaradıcılığım yox, elə özüm də kölgədə qaldım. Çağdaş jurnalistikamızın tanınmış simalarından birinin dünənlərdə mənə ünvanlanmış sözüdür: "Ordu səni bizdən gizlətmişdi..." Bu fikrin həqiqətə nə dərəcədə yaxın olduğunu düşünmək istəyim yoxdur, amma ordunun kifayət qədər qapalı və mühafizəkar bir məkan olduğunu indilərdə anlamışam. Hələ xidmət zamanı Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş bir tədbirdə millət vəkili Qənirə xanım Paşayeva ilə birgə iştirak etməli oldum. Mənə də söz verdilər. Çıxışımdan sonra Qənirə xanım dərhal kürsüyə qalxıb üzünü zala tutdu: "Heç bilməzdim ki, ordumuzda belə savadlı zabitlər xidmət edir..." Əlbəttə, bu sözləri tərif kimi qəbul etmək çox çətindir, amma ümumi anlamda millət vəkilinin dediklərinin arxasında nəhəng həqiqət dayanırdı. Allah ermənilərə lənət eləsin. Nə onlar öz həyatımızı yaşamağa imkan verdilər, nə də biz bəziləri kimi küncdə-bucaqda gizlənə bildik...

Hətta qonorar da almışam

- Jurnalistikada vaxtilə bir istiqamətdə fəaliyyətin nəzərə çarpırdı. Son vaxtlar düşündürücü, zamanla ayaqlaşan publisistik yazılara imza atdın. Bu yazılar sənin imzanın təzələnməsinə xidmət etdi desəm, yanılmaram ki?

- Əlbəttə, yanılarsan. İmzam təzələnməyib, mövzu təzələnib. Mənim ordu haqqında da yazdıqlarımın böyük əksəriyyəti yaradıcılıq axtarışlarının məhsulu idi. Sadəcə, siz bunlardan bixəbər olmusunuz. Amma çox demirəm, "Əsgər şərəfi", "Bir şəhidin monoloqu", "Azərbaycan Ordusu - xalqın bağrından qopan güc", "Mənim şam ağacım, yaxud əsir ağaclar haqqında ballada" və s. məqalələrimi oxumuş olsaydın, heç bu sualı da verməzdin. Bu yazılar vaxtilə çağdaş jurnalistikamızın ən ləyaqətli simalarından saydığım Qabil Abbasoğlunun redaktorluğu ilə Lent.az-da dərc olunub. Hətta qonorar da almışam. Amma onu da deyim ki, ordu bu gün də mənim üçün doğma bir məkandır, ögeyləşməmişik. Bu gün də ordumuzun mənafeyini qorumağa çalışıram. "Mənim Ali Baş Komandanım", "Serj Sərkisyanın heç yerdə görmədiyiniz portreti, yaxud yas yerindən reportaj", "Qraçik Muradyana açıq məktub", "Son erməni təxribatı" və s. kimi yazılarım məhz bu mövqedən qələmə alınıb. Bu xüsusda "Melik-Şahnazaryana açıq məktub"umu ayrıca qeyd etmək istəyirəm. Şahnazaryan ali məktəbə qəbul olunana kimi Gəncədə yaşayan, çörəyimiz-suyumuzla böyüyən və bu gün Azərbaycana asi kəsilən istedadlı erməni əclaflarındandır. Haqqımızda, az qala, hər gün təhqiramiz çıxışlar edir. Mən bu istedadlı əclafı yerində oturtmaq üçün bütün Gəncəni ələk-vələk elədim, onu tanıyan yurddaşlarımızı axtarıb tapdım. Haqqında məlumatlar topladım və onu media vasitəsilə ünvanına göndərdiyim məktubumla özünə tanıtdım. Bu məktub təsadüfən yazılmamışdı. Amma heyf ki, onu da digər yazılarım kimi heç bir dilə tərcümə elətdirə bilmədim. Axı o bizim auditoriya üçün nəzərdə tutulmamışdı...

- Yazılarına reaksiya necədir?

- Yazılarımın özü kimi...

Şəhidin gözlərində ayaqlarımın şəklini gördüm

- Müntəzəm olaraq döyüş bölgəsində olmusan, yuxuna girən, gözlərinin önündən çəkilməyən səhnələr çoxdurmu?

- O qədər...


- Məsələn, bəhs edə bilərsənmi?

Oturduğu yerdən qalxır, gözlərini Xəzərin qarşı tərəfinə – Bayıl dağlarına tərəf dikir. Sanki oradan o tərəfi, Qarabağı görmək istəyir. Səsindəki kövrəklik, sanki göz yaşlarına qatışmış kimidir, yanıqlıdır. Çox kədərli olan xatirə boxçasını açır, yaddaşını vərəqləyir:

- Döyüşlərin birində mina əsgərimizi ortadan bölmüşdü. Göbəyindən aşağısı yox idi. Amma hələ nəfəs alırdı. Biz onu ön xətdən qucağımızda çıxardıq. Niyəsini bilmirəm, amma gözlərini yalnız mənə zilləmişdi. Daha doğrusu, mənim ayaqlarıma. Yerimdə donub qalmışdım. Tərpənə bilmirdim. Mənə elə gəlirdi ki, yaralı əsgərin qarşısından çəkilsəm, dərhal öləcək... Ancaq baxışları buz baltası kimi idi, məni də ortamdan doğrayırdı. Gözlərini sığayanda orada ayaqlarımın şəklini gördüm. O, bu dünyadan öz gözlərində həm də mənim ayaqlarımın əksini apardı...

- "Mənim erməni oğlum" adlı təsirli bir yazı yazmışdın, bu yazıda gerçəklikdən kənar nə vardı?

- Heç nə...

Müharibə bu dünyanın ən amansız reallığıdır

- Ordunun nizam-intizamından yaxa qurtarmaq olurmu?

- Vaxtilə bir yerdə işlədiyim adamlar təsdiq edərlər: Mən özüm orduya nizam-intizam gətirən hərbçilərdən olmuşam. Yalnız geyimimi-keçimimi, davranışımı yox, həm də bütövlükdə özümü, öz yaradıcılığımı, öz intellektimi daim nəzarətdə saxlamağa çalışmışam. Nümunə olmaq istəmişəm. Məhz bu cəhətlərimə görə qonum-qonşularımın böyük əksəriyyəti öz övladlarını Ali Hərbi Məktəblərimizə göndəriblər, zabit kimi görmək istəyiblər... 

- Son vaxtlar bağındakı güllərlə "oynayırsan". Məmləkətimizdə güllələrin açılmaması üçün, güllərin açılmasına ehtiyac varmı?

- Əlbəttə, var. Məni tikə-tikə doğrasalar da, fikrimdən dönən deyiləm: Müharibə bu dünyanın ən amansız reallığıdır. Müharibə insanların haqqa-ədalətə, dinə-imana, bir sözlə, Allaha xəyanətidir. Mən bu xəyanətdə istəsəm, özüm üçün kifayət qədər romantika da taparam. Amma bu romantikanın vətənimə xeyir gətirməyəcəyini düşünəndə, fikrimdən daşınıram. Axı o, bizim ən qeyrətli dostlarımızı əlimizdən alır. Onları qorumalıyıq. Çünki Allah bu dünyanı istedadsız və qismən istedadlı adamlar üçün düzəldib, Faiq. Belələrinə ip ucu vermək olmaz. Onsuz da gör neçə əsrdir ki, bir ovuc erməni dığası haqqımıza girməklə bizi öz gününə salmaq istəyir. Amma mən Azərbaycanın Qarabağlı gələcəyinə inanıram...

- Yaradıcılıq axtarışların nə yerdədir?

- Bu dəqiqə əlimin altında 5-6 maraqlı yazım var. Sadəcə, yeni dərs ilinə saxlamışam...

İbrahimlə söhbətimizi buradaca bitirdim. Artıq samovar züm-zümə edirdi. Axşamın sərinində Xəzərdən əsən gilavarın köksümüzü oxşayan yeli və isti çayın həzzi, eləcə də səmimi söhbət gecədən keçmişə qədər bizimlə birgə oldu... 

Faiq Balabəyli/Axar.az

 
Xəbər 4943 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR