Millət vəkili Qənirə Paşayeva Türkiydə yüzlərlə insanın iştirak etdiyi tədbirdə çıxış edib və "Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir” deyib.
Millət vəkili Qənirə Paşayeva Türkiyədə yüzlərlə insanın iştirak etdiyi tədbirdə geniş çıxış edərək bildirib ki, topluma örnək olaraq bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq. Bunun üçün isə ilk növbədə biz bir-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq: "Türkiyənin gücü gücümüz, sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycanın da gücü sizin gücünüz,sevinci sevinciniz, kədəri kədərinizdir. Gənc nəsillərin bu ruhda yetişməsi üçün daha da çox çalışmalıyıq. Azərbaycan və Türkiyə dövləti olmayan, ağır vəziyyətdə, zülm altında yaşayan bir çok türk toplumlarının ümidi, pənahıdır. Dövlətlərimizə, birliyimizə daha çox sahib çıxmalı və qorumalıyıq. Hər gün gərginləşən bölgədə insanlarımızın üzülməməsi, haqqımız olan haqqı əldə edə bilmək üçün birlik və güclü olmalıyıq.” Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva çıxışında 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.” Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və həqiqətlərin daha geniş şəkildə yayılması işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. O həmçinin xaricdə yaşayan türk kökənli diaspor təşkilatları arasında da birliyin genişlənməsinin böyük önəmindən danışıb. Türk dünyası ilə bağlı məsələlərdə gənclərin daha fəal olması üçün yazarların, araşdırmaçıların, aydınların, jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. “Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən “Şərq tərəfdaşlığı” konfransı çərçivəsində Prezident cənab İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanın qondarma “erməni soyqırımı” ilə bağlı əsassız iddialarına “Türkiyə burda yoxdur, amma mən varam” cavabı verməsi və verdiyi tutarlı cavab türk dünyasının tarixinə yazılan və Azərbaycan-Türkiyə dostluğunun möhkəmliyini göstərən, iki qardaş dövlətin ümumi maraqlarını və beynəlxalq aləmdə vahid cəbhədən çıxış etməsinin bariz nümunəsi oldu”, – deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan prezidenti cənab İlham Əliyevin bu çıxışının təkcə Azərbaycan gəncliyi üçün deyil, bütün Türkdilli dövlətlər və Türk dünyası üçün örnək olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva tədbir iştirakçılarını ölkəmizə dəvət edib. Çıxışının sonunda isə inşallah, gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik deyib. Millət vəkili Qənirə Paşayeva çıxışının sonunda tədbirin təşkilatçılarına və iştirakçılarına Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitablarını hədiyyə edib.