Azərbaycanda kütləvi idman tədbirlərində və idman yarışlarında giriş biletlərinin "Bədən tərbiyəsi və idman haqqında" Qanuna uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə yeni cərimələr tətbiq ediləcək.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bu barədə məsələ parlamentin oktyabrın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Belə ki, Məcəllənin 224-1-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, yuxarıda qeyd olunan əməlin törədilməsinə görə fiziki şəxslər yeddi yüz manat miqdarında, vəzifəli şəxslər min beş yüz manat miqdarında, hüquqi şəxslər altı min manat miqdarında cərimə edilirlər.
Hazırda isə qeyd olunan əmələ görə cərimə belədir: "Vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər isə beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilirlər".