“Mikroavtobus Embawood şirkətinə məxsusdur”.
Bu gün Bakı-Sumqayıt yolunda qəzaya uğrayan mikroavtobus qanunsuz sərnişindaşıma ilə məşğul olub.
Bu barədə Ölkə.Az-a Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) nümayəndəsi bildirib.
Nümayəndənin sözlərinə görə, DANX məhz bu cür qanunsuz sərnişindaşıma hallarına qarşı mübarizə aparır.
“Bu çox dəhşətli hadisədir. Allah ölənlərə rəhmət eləsin.
Xüsusilə vurğulamaq istəyirəm ki, qəzaya uğramış mikroavtobus qanunsuz sərnişindaşıma ilə məşğul olub. Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti məhz bu kimi hallara qarşı fəal mübarizə aparır. Onu da qeyd edək ki, mikroavtobus Embawood şirkətinə məxsusdur.
Qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan bu tipli avtomobillər heç bir standartlara cavab vermir, avtomobillərin texniki vəziyyəti, sərnişindaşımaya uyğunluğu barədə heç bir sertifikatı da yoxdur.
Biz bütün qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan şəxslərə qarşı mübarizəni daha da gücləndirəcəyik, bu kimi hallara yol verənlər mütləq şəkildə cəzalandırılacaq”, - deyə, o, bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı – Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sərnişindaşıma ilə məşğul olan “Ford Transit” markalı mikroavtobus arxadan gələn digər maşın tərəfindən vurulub və divara çırpılıb.
Hadisə nəticəsində ölən və yaralananlar var.