"Qanlı Yanvar" faciəsi ilə əlaqədar Gəncədə şəhidlərin xatirəsi yad edilib


Öncə 20 Yanvar faciəsi qurbanlarının, Azərbaycanın suverenliyi uğrunda həlak olan həmvətənlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
 
Şəhidlərin xatirəsi yad olunduqdan sonra avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Şah Abbas Cümə məscidinin axundu Hacı Röya tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev çıxış edərək 27 il bundan öncə törədilən "20 Yanvar” hadisəsini təkcə hüzn günü kimi yox, eyni zamanda qürur və qəhrəmanlıq günü kimi dəyərləndirib.
Elmar Vəliyev qeyd edib ki, "20 Yanvar” hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Elmar Vəliyev vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Gəncə şəhərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün lazımi şərait yaradılıb. Onların mənzil təminatı yaxşılaşdırılır və problemləri aradan qaldırılır.
Şəhid anası Minayə Piriyeva, şəhid xanımı Gülsum Mustafayeva, II qrup Qarabağ əlili Qadir Zeynalov çıxışlarında o "Qanlı Yanvar” gecəsi baş verən hadisələri ürək ağrısı ilə xatırlayıblar. Vətən uğrunda canını qurban verən şəhidlər ilə fəxr etdiklərini bildiriblər. Həmçinin dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan minnətdarlıqla danışıblar. 
Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən "Qan Yaddaşı" adlı tamaşa təqdim olunub.
Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən şəhid məzarları ziyarət olunub, gül dəstələri qoyulub. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhid ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.




Xəbər 606 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR