Onun hər iki əli biləkdən tamamilə kəsilib
Zaqatala rayonunda baş vermiş dəhşətli hadisənin təfərrüatları məlum olub.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, Zaqatala şəhər sakini 26 yaşlı Vüsal Bəşirovun əllərinə borclu olduğu şəxslər kəsiblər. Zərərçəkənin atası bildirib ki, oğlu şənbə günü Bakıdan rayona qayıdıb. Bundan xəbər tutan həmin şəxslər Vüsalı evdən çağırıblar və naməlum istiqamətə aparıblar. Bir müddət sonra oğlunun telefonuna zəng edən Vahid Bəşirova cavab verən şəxs artıq Vüsalın əllərini kəsdiklərini bildirib.
Zərərçəkənin atası bildirib ki, oğlunun həmin şəxslərə pul borcu olub və bir müddət əvvəl borcun 300 manatını qaytarıb. Borc tam ödənilmədiyindən həmin şəxslər Vüsalı izləyirmiş.
Onu da bildirək ki, V.Bəşirovun hər iki əli biləkdən amputasiya olunub. Həkimlər onun kəsilmiş əllərini bərpa edə bilməyib.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayətişi açılıb, hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı Araz Abdullayev artıq saxlanılıb. Araşdırmalar davam etdirilir.
*****
Zaqatalada 26 yaşlı gəncə xüsusi amansızlıqla xəsarət yetirilib.
Aktual.az anspress-ə istinadən xəbər verir ki, noyabrın 29-na keçən gecə iki Zaqatala rayonu sakini Vüsal Bəşirovun qollarını bilək nahiyəsindən kəsiblər.
Hər iki əlini itirən Vüsal Bəşirovun atası Vahid Bəşirovun verdiyi məlumata görə, oğlu ilə yoldaşlıq münasibətləri olan Rəşad adlı şəxs axşam saatlarında Vüsalı evdən çağıraraq onunla söhbət etmək istədiyini bildirib.
Vüsalın atasının narahat olduğunu görən Rəşad ona deyib ki, oğlu ilə sadəcə hal-əhval tutmaq istəyir. Bundan sona Rəşad və onunla olan digər rayon sakini Vüsalı maşınla rayona yaxın ərazidə yerləşən asma körpü deyilən çaylağa aparıblar. Bundan yarım saat sonra isə həmin şəxslər Vahid Bəşirova zəng vuraraq, oğlunun əllərini biləkdən kəsdiklərini söyləyiblər. Eyni zamanda bildiriblər ki, əgər oğlun sağ qalıbsa indi xəstəxanaya aparılır, gedib orda görə bilərsən.
Dərhal xəstəxanaya gələn ata oğlu ilə xəstəxananın girişinda qarşılaşıb. Həkimlər ağır vəziyyətdə olan gəncə dərhal ilkin tibbi yardımlar göstərib və üzərində cərrahiyyə əməliyyatı aparıblar. Hazırda 26 yaşlı Vüsal Bəşirovun vəziyyəti ağırdır.
Cinayət zamanı şübhəli şəxslər baltadan istifadə ediblər. Atası həmçinin yeganə övladı olan oğlunun bir müddətdir vərəm xəstəliyindən əziyyət çəkdiyini də bildirib.
Faktla bağlı Zaqatala rayon polis şöbəsindən bildirilib ki, hələlik hadisəni törədənlərdən heç kim saxlanılmayıb. Hazırda şübhəli şəxslərin tutularaq, istintaqa cəlb olunması ilə əlaqədar əməliyyat tədbirləri keçirilir.
***
Zaqatalada 26 yaşlı gəncin müəmmalı şəkildə qolları kəsilib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən xəbərə görə, noyabrın 28-i saat 23:45 radələrində Zaqatala şəhəri Azərbaycan prospekti bina 39-da yaşayan 1989-cu il təvəllüdlü Vüsal Vahid oğlu Bəşirov hər iki qolunun bilək nahiyəsindən əllərinin tamamilə kəsilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.
Hazırda 26 yaşlı Vüsal Bəşirov əməliyyata qaldırılıb. Onun qollarınıda əməliyyat aparılır.
Faktla bağlı Zaqatala rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.