“Qan pulumuzu niye vermirlər?” - Şəhid ailələri və qazilər toplaşdılar

“Qan pulumuzu niye vermirlər?”   - Şəhid ailələri və qazilər toplaşdılar

Aktual.az qaziler.az-a istinadən xəbər verir ki, Şəhid ailələrini, Qarabağ əlillərini (Qaziləri) təmsil edən ictimai birliklərin rəhbərləri və onların üzvləri uzun illərdir bu qəbildən olan insanlara dövlət tərəfindən ödənilməli olan “qan pulu”larının - sığorta məbləğini ala bilmədikləri üçün bir araya gələrək müzakirə aparıblar.

Qeyd edək ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla Qarabağ müharibəsində şəhid olanların ailəsinə 11 min manat, Qarabağ əlillərinə isə əlilik dərəcələrindən asılı olaraq həmin məbləğin 80, 60 və 40 faizi həddində sığorta pulu ödənməlidir. Amma üstündən bu qədər vaxt keçməsinə baxmayaraq, şəhid ailələri və Qarabağ əlilləri bu məbləği ala bilmirlər. Hətta elə şəhid ailəsi, Qarabağ əlili var ki, əllərində bu vəsaitin sığorta şirkəti tərəfindən ödənməsi barədə məhkəmə qərarı da var. Di gəl ki, adı çəkilən şirkət bu vəsaiti ödəməkdən boyun qaçırır.

Tədbiri açan “Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri, şəhid xanımı Almaz Zeynalova qarşılaşdıqları problemdən danışdı:


“Qaldırdığımız məsələ bütün məhkəmə instansiyalarını keçərək hətta Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumuna qədər gedib çıxdı. Bizim iştirakımızla Konstitusiya Məhkəməsi Plenumunun da bu vəsaitin şəhid ailələrinə və Qarabağ əlillərinə ödəməsi üçün 28 yanvar 2014-cü il tarixdə qərar verib. Amma “xırda” bir tövsiyə ilə - “Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin”. Həmin qərar verilən andan bu günə qədər şəhid ailələri və Qarabağ əlilləri dəfələrlə Milli Məclisdə olub, çoxlu sayda millət vəkilləri ilə görüşüb problemin həllinə kömək istəmişik. Lakin bu günə qədər heç bir nəticə olmayıb. Ötən ilin sonlarında Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi müzakirə olunduğu üçün şəhid ailələri və Qarabağ əlilləri tərəfindən məsələ daha da intensivləşdirildi. Nəticə olmadığından, noyabrın 28-də dövlət büdcəsinin müzakirəsinin sonuncu günü olduğundan şəhid ailələri ilə Qarabağa əlilləri Milli Məclisin qarşısına toplaşdı. Orada bir sıra millət vəkilləri ilə görüşümüz oldu. Ümumiyyətlə bu iş zamanı xeyli millət vəkilləri, o cümlədən, Fazil Qəzənfəroğlu, Qənirə Paşayeva, Vahid Əhmədov və Siyavuş Novruzovla, Hadi Rəcəbli ilə görüşmüşük, problemi onların diqqətinə çatdırmışıq. Bundan sonra məsələ bir daha Milli Məclisdə qaldırıldı. Milli Məclisin spikeri Oktay Əsədov da məsələdən xəbərdar olduğunu, bu problemin həlli üçün müvafiq addımlar atacaqlarını bildirdi. Amma bildiyiniz kimi problem həll olunmamış qalıb. Bu azmış kimi, bizi dövlətçiliyə qarşı çıxmaqda ittiham edirlər. Halbuki biz həmişə dövlətimizin, dövlətçiliyimizin yanında olmuşuq, cənab Prezidentimiz İlham Əliyevin yanındayıq!”

“Qarabağ Əlilləri, Şəhid Ailələri və Müharibə Veteranları” ictimai birliyinin sədri Mehdi Mehdiyev çıxış edərək dövlət tərəfindən Qarabağ əlilləri, Şəhid ailələrinə göstərilən qayğıdan danışdı, eyni zamanda mövcud problemə də toxundu: “Bəzi Şəhid ailələrinin, Qarabağ əlillərinin o zaman – 1992 - 94-cü illərdə başları öz acılarına, ağrılarına qarışdığından sığorta pulunu almayıblar. O zaman məbləğ indiki kimi deyildi, az idi. Bütün buna baxmayaraq, dövlətin bu məsələni bir yol tapıb müsbət şəkildə həll edəcəyinə inanıram”.

“Qarabağ Qaziləri” birliyinin sədri Ehtimad Əsədov öncə qonşu Türkiyədə, İranda Şəhid ailələrinə, qazilərə münasibətə də diqqət çəkdi: “Təəssüf ki, qardaş Türkiyədə, qonşu İranda şəhid ailələrinə, Qazilərinə olan münasibəti bütövlükdə biz Azərbaycanda görmürük. Elə götürək bu qanpulu məsələsini. Qanun var, Konstitusiya Məhkəməsinin qərarı var, amma icra olunmur! Təsəvvürünüzə gətirin: dövlət adından çıxarılan məhkəmə qərarları, Azərbaycanın ən ali məhkəmə orqanı Konstitusiya Məhkəməsinin qərarı saya sayılmır! Kağız üzərində qalıb, sığorta şirkəti əməl etmir! Bunu çeviriblər bir ötür-ötür oyununa. Axı öz haqqını almaq üçün Şəhidin anası, əzalarını itirmiş Qarabağ qazisi niyə sığorta idarəsinin, məhkəmələrin qapısında boynunu bükməlidir! Niyə? Ayıbdır ey, vallah! Azərbaycan dövləti adına ayıbdır! Konstitusiya Məhkəməsi adına ayıbdır! Şəxsən mən buna görə utanıram, xəcalət çəkirəm! Problemin həllində acizik! Gücümüz nəyə çatır onu edirik! ”



E.Əsədov çıxışında onu da bildirdi ki, bir qrup adam müharibə insanlarının haqlarını tapdalayır, onlara çatacaq vəsaiti vermir. Bu azmış kimi, hələ bir bu haqqını istəyən Şəhid anasını Bakı Şəhər Baş Polis idarəsinə çağırıb hədə- qorxu gəlirlər, onları dövlətə qarşı çıxmaqda ittiham edirlər: “Şəhidin anasını, xanımını qorxutmaq, hədələmək lazım deyil! Onların haqqını vermək lazımdır! Kim onlara deyir ki, sən dövlətimizə, dövlətçiliyimizə qarşı çıxırsan, onlar özləri çox cılız və xəbis adamlardır?! Axı şəhidlərimiz şəhid olaraq, Qazilərimiz əzasını itirərək vətənə, dövlətə və dövlətçiliyimizə sadiq olduğunu sübut ediblər! Onlara qarşı bu ittiham əsassızdır! Mən vətənimi sevirəm, dövlətimə, dövlətçiliyimizə bağlıyam! Bu absurd iddia ilə məni kim ittiham edə bilər!?”

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) Fondunun rəhbəri Ədalət Məhərrəmov çıxışında məmurların Şəhid ailələrinə, Qarabağ əlillərinə yazıq kimi baxmalarına sərt etiraz etdi: “Şəhid ailəsinə, Qarabağ əlilinə yazıq kimi baxmayın! Bu insanların haqqını verin! Yazıq sizlərsiniz! Bu gün sabah vəzifədən çıxarılsanız, heç kimsiniz, heç kim! Bunu anlayın!”

“Vətən Müharibəsi Əlilləri” ictimai birliyinin sədri Firudin Məmmədov çıxışında bildirdi ki, dünya bazarında neftin qiyməti yüksək olan vaxtlarda bunu həll etməliydilər. Amma etmədilər! İndi də deyirlər ki, buna çox vəsait lazımdır, vəsait isə yoxdur! Mən bilirəm pulu haradan tapıb vermək lazımdır Şəhidin balasına, Qarabağ qazisinə! Akif Çovdarovun, nəqliyyat naziri Ziya Məmmədovun oğlunun Londondakı villalarını satmaqla bu işin bir hissəsini həll etmək olar! Niyə olmur ki!? Burada dedilər ki, qan pulunu istəyən Şəhid ailələrini, Qarabağ əlillərini dövlətçiliyə qarşı çıxmaqda ittiham edirlər! Bax bu bayrağın - əli ilə masanın üstündəki Azərbaycanın dövlət bayrağını göstərərək (qaziler.az) – bu bayrağın üstündəki qırmızı qan var ha, bax o, Şəhidlərimizin torpağa qovuşmuş qanıdır, mənim, Qarabağ qazilərinin qanıdır! Qanı əzası torpağa qovuşmuş insanı necə dövlətçiliyə qarşı çıxmaqda ittiham edə bilərlər! Mən bunu anlamıram! Dövlət başçısı İlham Əliyev Şəhid ailələri, Qarabağ əlilləri ilə bağlı xeyli iş görüb, fərmanlar və sərəncamlar imzalayıb. Amma təəssüflər olsun ki, bir çoxu ya icra olunmur, ya da icrasında süründürməçiliyə yol verirlər!”

Şəhid anaları, “Qarabağ əlilləri, Şəhid Ailələri və Müharibə Veteranlarının Hüquqlarının Müdafiəsi Cəmiyyəti” ictimai birliyinin sədri Salman Xudaverdiyev, Hərbi jurnalist Üzeyir Cəfərov, “Veteran” qəzetinin baş redaktoru Qafar Nuriyev, “Qaziler.az” saytının baş redaktoru Rey Kərimoğlu da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildirdilər. Çıxış edənlər televiziya kanallarından kimsənin tədbirə gəlməməsini, ümumiyyətlə, müharibə insanlarının qayğılarına yer vermədikləri üçün çox sərt şəkildə tənqid etdilər!

Müzakirələr zamanı qərara alındı ki, Şəhidlərin və Qarabağ əlillərinin ödənilməmiş sığorta pulunun verilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlansın.

Aktual.az

Xəbər 3602 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR