Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Qüdrət bəy, Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə əlaqədar konfrans keçirildi.Tədbir və müzakirəyə çıxarılan mövzu ilə əlaqədar fikirlərinizi bilmək istərdik...
- Tədbir
Milli Məclisin sədri Sahibə xanımın təşəbbüsü ilə çox əlamətdar hadisəyə həsr
olunmuşdu. Buna görə Sahibə xanıma, tədbiri yüksək səviyyədə təşkil etmiş Milli
Məclisin Aparatına öz təşəkkürümü bildirirəm. Konfransda Konstitusiya
Məhkəməsinin sədri, deputatlar, müxtəlif dövlət orqanlarının rəhbərliyində
təmsil olunan tanınmış şəxslər, elm adamları iştirak edirdi. Moderatorun
tez-tez çıxışlara yersiz iradları, şərh və əlavələri ümumi ab-havanı korlasa
da, çox maraqlı çıxışlar oldu.
Mən xalqımızı müstəqillik tariximizin ən şanlı səhifələrindən biri olan
"Dövlət Suverenliyi Günü" münasibətilə təbrik edirəm. Qarabağın
azadlığı, torpaqlarımızda dövlət suverenliyinin bərpası həm də mərhum
prezidentimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, 20 sentyabrda "Əsrin
Müqaviləsi"ni imzalamağı bacardı. Buna mane olmaq istəyən dövlətlərlə
anlaşa, onları neytrallaşdıra bildi. 20 sentyabrda - bu uğurlu gündə, Prezident
İlham Əliyev Qarabağ üzərində dövlət suverenliyini bərpa etdi, erməni
faşizminə, işğala son qoydu. Neft pulları hesabına güclü ordu qurduq,
müttəfiqlər qazandıq, torpaqlarımızı işğaldan azad etdik. Bu gün də görülən
işlər əsasən neft gəlirləri sayəsində baş verir.
Buna görə 20 sentyabr - "uğur gününün" dövlət bayramı kimi qeyd
olunmasını təklif edənlərdən biri və bəlkə də birincisi mən idim. Çox şadam ki,
həmin günü sabah bayram kimi qeyd edəcəyik, eyni zamanda böyük dövlət xadimi
Heydər Əliyevi böyük sayğı və ehtiramla anacağıq.
Təklif edirəm 10 noyabr 1992-ci ildə qəbul olunmuş "Azərbaycan
Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunun
əvəzinə, "Azərbaycan Respublikasının orden və medalları haqqında" və
ya "Dövlət təltifləri haqqında" yeni qanun qəbul edək. Yeni qanuna
belə bir norma daxil edək ki, Azərbaycan Respublikasının Ali Baş komandanı
Milli Məclis tərəfindən təltif olunur. Dövlət təltiflərinin təqdim olunma
proseduru və geri alınma qaydaları da bu qanunda öz əksini tapmalıdır. Cabir
Novruzun gözəl bir şeri var, "Sağlığında qiymət verin insanlara”. Bayram
ərəfəsində bu məsələni qaldırmağımın məqsədi də odur ki, Ali Baş komandan kimi
İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunmasındakı müstəsna
xidmətlərini nəzərə alıb, onu, kənardan kimin nə deyəcəyinə, hansı uzağa gedən
nəticələr çıxaracağına əhəmiyyət vermədən, təsis olunduğu andan bu günə kimi
heç kəsə verilməmiş, Azərbaycan Respublikasının Ali Hərbi Ordeni "Şah
İsmayıl Ordeni" ilə təltif edək və əvvəllər də təklif etmişdim ki, Şuşada
tikilən məscid onun adını daşısın. O zaman əxlaqsız insanların hücumları ilə
üzləşdim, inşallah vaxt gələr layiqli cəzalarını alarlar. Şuşada tikilən yeni
məscidə onun adının verilməsi çox ədalətli olar. Bu, Allaha da xoş gedər. İlham
Əliyev inanclı adamdır, Qarabağı Allahın köməyi ilə işğaldan azad etdi,
işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına da məscidlərin bərpası ilə
başlayır. Bundan başqa, təklif edirəm Şuşa Bəyannaməsinin imzalandığı yerdə
Türkiyə-Azərbaycan qardaşlığını simvolizə edən möhtəşəm bir abidə ucaldaq.
Başqa bir möhtəşəm abidəni isə Xankəndində Azərbaycan əsgərinin şərəfinə
yüksəldək.
Qələbəmizə, qələbəmizdə xidməti olanlara, şəhidlərimizə, qazilərimizə
verdiyimiz, verəcəyimiz yüksək qiymət özümüzə, xalqımıza verdiyimiz qiymətdi.
Erməni faşizmi üzərində qələbəmiz bizi daha böyük uğurlara, daha böyük
quruculuq işlərinə və qələbələrə ruhlandırmalıdr. Qalib xalqımız daha yaxşı
yaşamaq haqqına sahibdir. Biz onlara bu imkanı yaratmalıyıq. Xalqımızın indiki
sosial inkişaf göstəricilərini nəzərə alıb nə indi, nə yaxın gələcəkdə xalqdan
böyük dəyişikliklər üçün sosial sifariş gözləməməliyik. Prezidentə inanan və
ondan inkişaf üçün dəyişiklik gözləyən xalqımızın bugünkü susqunluğu onun
həyatından razı olması kimi qəbul olunmamalıdır. Böyük quruculuq işlərinə
başlamasaq insanlarımızın yaxşı yaşamaq üçün bir-birinin haqqını
çeynəyəcəklərini, güclülərin zəifləri, səlahiyyətli şəxslərin sadə
vətəndaşları, kiçik və orta sahibkarları istismar edəcəyini, ali insani
dəyərlərin aşınacağını müşahidə edəcəyik. Bütün bunları önləmək üçün hökumətin
fəaliyyətinə və qanunların icrasına nəzarət mexanizmləri nəzərdə tutan yeni
Konstitusiya, müasir qanunlar və qərarlar qəbul etməliyik. Qanunların icrasına
nail olmaqla çalışmalıyıq ki, cəmiyyətimiz inkişaf etsin, Allahın kölgəsi də həmişə
üzərimizdə olsun, köməyimizə çatsın, bizi bir daha ərazi bütövlüyümüzlə, qaçqın
- köçkün ağrı-acısı, vətəndaş qarşıdurması ilə sınağa çəkməsin, bizdən üz
döndərməsin! Bir an olsun yaddan çıxarmamalıyıq ki, Allah bizə həm səmadan, həm
daxildən - vicdanımızla, həm də kənardan xalqın gözü ilə nəzarət edir.
Onu da qeyd edim ki, Prezident Müstəqil Azərbaycan dövlətinin ilk baş naziri
Fətəli xan Xoyskinin 150 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə
sərəncam imzalayıb. Rəsulzadənin, Xoyskinin və Topçubaşovun qəbirlərinin
Azərbaycana gətirilməsi tariximizə verdiyimiz yüksək qiymət olar, onların və
silahdaşlarının ruhunu şad edərdi...