Sosial şəbəkələrdə son günlər diqqəti çəkən paylaşımlardan biri də xanımların "mənə kosmetika deyil, kitab hədiyyə et" idi. Dünyada orta hesabla bir xanım həyatı boyunca kosmetika üçün 15 min dollar xərcləyir.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspertVüqar Bayramov bildirib.
Onun sözlərinə görə, nə qədər qəribə olsa da, Səduiyyə Ərəbistanında yaşayan qadın orta hesabla kosmetikaya il ərzində 3200 dollar pul xərcləyir. Bu bir səduiyyəli xanım üçün ömrü boyunca 130 min dollardan artıq xərc deməkdir və dünya üzrə orta göstəricidən 9 dəfə çoxdur.
Başqa bir qəribəlik Böyük Britaniya ilə bağlıdır. İngilis xanımlar kosmetika üçün 203 min dollar ayırmaqla ən xərcli qadınlar siyahısındadırlar. İl ərzində kosmetikaya 280 milyon dollar xərcləyən Azərbaycan xanımları da bəzənməyə çox pul sərf edənlərdəndir.
Ekspert kosmetika və kitab sənayesi arasında müqayisəli vəziyyətə də aydınlıq gətirib: "Yalnız Amerika Birləşmiş Ştatlarında kosmetika sənayesinin illik gəliri 62,5 milyard dollardır. Bu, dünya kosmetika sənayesinin 33,8 faizi deməkdir. Dünya kitab sənayesinin illik gəliri isə cəmi 7 milyard dollardır. Yəni, kitab sənayesinin gəlirləri kosmetika sektorunun qazancından 27 dəfə azdır".
V.Bayramov Azərbaycan xanımının kosmetikaya deyil, məhz kitablara üstünlük verəcəyinə əminliyini bildirib: "Razılaşaq ki, bizim xanımların gözəl görünməsi üçün kosmetikaya ehtiyacları yoxdur. İnanıram ki, xanımlara cəmiyyətdə bərabər hüququ onların biliyi və dünyagörüşü, yəni, kosmetika deyil, məhz kitab verəcək. Savadlı xanım daha çox hüquqlu xanımdır".