Siyəzəndə 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Aktual.az ARB Şimal-a istinadən xəbər verir ki, qəza Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 118-ci kilometrliyində, rayonunun Gilgilçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
99 AG 039 dövlət nömrə nişanlı "Azsamand" markalı maşınla 10 UT 453 dövlət nömrə nişanlı “VAZ 21 06” markalı avtomobil toqquşub. Toqquşmadan sonra "Azsamand" yol kənarındakı dəmir maneəyə çırpılıb. Avtomobilin sürücüsü 33 yaşlı Davud Rəsulov yerindəcə dünyasını dəyişib. Qəzadan sonra hadisə yerində daha bir bədbəxt hadisə yaşanıb.
Beləki, qəzada xəsarət alanlara kömək etmək istəyən Güldəstə İsmayılova yoldan keçərkən "Nissan Tiana" markalı avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində dünyasını dəyişib.
Qəzanı törədib hadisə yerindən qaçan sürücü müəyyənləşib. Bakı şəhər sakini 47 yaşlı Hasilov Elbrus Ələsgər oğlu artıq saxlanılıb.
Hadisə zamanı “Azsamand”da olan sərnişinlər Səkinə Hüseynova, Robert Adıgözəlov, Elman Adıgözəlov və “VAZ 21 06”in sürücüsü Mübariz Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.