Azərbaycanda qarşıdakı parlament seçkilərində seçicilərin çoxu hakim Yeni Azərbaycan Partiyasına səs verəcək, müxalifət isə səslərin yalnız az bir qismini toplayacaq.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, RF-in İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, hakim partiyanın qələbəsi Azərbaycan əhalisinin prezident İlham Əliyevin siyasətini dəstəkləməsi ilə bağlı olacaq: "Əhali ölkədə yüksək həyat səviyyəsini, siyasi və sosial sabitliyi dəstəkləyir".
S.Markov qeyd edib ki, son illər Bakıda dəyişikliklər baş verir və infrastruktur inkişaf edir, xeyli sayda idman qurğuları yaradılıb, yeni binalar ucaldılır.
Politoloqun fikrincə, seçkilər başa çatdıqdan sonra çox güman ki, onların legitimliyi üzrə diskussiya başlayacaq: "Müxalifət bəzi Avropa institutları ilə birgə seçkilərin nəticələrini tənqid etməyə və guya müxalifətə kampaniyası üçün kifayət qədər şərait yaradılmadığını sübut etməyə başlayacaq. Mübahisələr partiyaların alacağı səslərin sayı deyil, daha çox müxtəlif strukturların monitorinq missiyalarının bəyanatı və s. ətrafında cəmləşəcək".
Onun sözlərinə görə, mübarizə AŞ PA-nın çox güman tənqidi olacaq bəyanatı ətrafında cəmləşəcək ki, bu da ümumi böhran, Qərb ölkələrinin bütün postsovet ölkələrinə təzyiqi ilə bağlıdır: "Əlbəttə ki, Qərbin Azərbaycana təzyiq etməsinin məqsədi heç də demokratiya deyil, ölkənin neft-qaz resurslarının ələ keçirilməsidir. Buna görə də Azərbaycan AŞ PA-nın tənqidi fikirlərinə və parlament seçkilərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu müşahidəçilərinin olmamasına görə məyus olmamalı, öz siyasətini möhkəm əsaslarla davam etdirməli və müttəfiqlərin sahəsini genişləndirməlidir ki, onların arasında da əsas yeri Rusiya və Türkiyə tuturlar".
S.Markov diqqətə çatdırıb ki, seçkilərin müşahidəsi ilə məşğul olacaq daha nüfuzlu missiyanın yaradılması zəruridir: "MDB missiyası, məsələn, ATƏT/DTİHB-nin missiyası kimi texnoloji baxımdan daha işlək olmalıdır. Şanxay Əməkdaşlıq Təşkilatı da müşahidə üzrə öz missiyasını təşkil etməli və bu təşkilatların qiymətləndirmələri bir-birindən fəqrlənməlidir ki, siyasi çağırışda şübhə olmasın".