Rusiyada iki iri neftayırma zavodlarına və neft yataqlarına malik, ümumi aktivlərinin dəyəri 6 milyard dollara yaxın olan “New Stream” şirkətlər qrupunun sahibi, 40 yaşlı Dmitri Mazurov bu nailiyyətləri necə əldə edib? RBC (Russian Business Consulting) agentliyinin araşdırmasında deyilir ki, prezident Vladimir Putinin dostlarının və Moskvanın indiki meri Sergey Sobyaninin sayəsində.
Virtualaz.org xəbər verir ki, agentliyin araşdırmasına əsasən Mazurovun biznes karyerasında sürətli irəliləyişlər Putinin tələbəlik dostu Nikolay Yeqorovla və Sergey Sobyaninin partnyoru Vladimir Kalaşnikovla tanışlıqdan sonraya təsadüf edir.
“New Stream” şirkətlər qrupunun ofisi Moskvada, Qoqol bulvarında , Kremldən bir neçə dəqiqəlik məsafədəki malikanədə yerləşir. Şirkət Antipinsk və Mariysk neftayırma zavodlarına (bunlar Rusiyanın ən iri neftayırma zavodlarıdır) , Orenburq vilayətindəki ümumi ehtiyatları 40 milyon tondan çox olan neft yataqlarına, habelə İsveçrədə qeydiyyatdan keçmiş eyni adlı treyder şirkətinə nəzarət edir. Dmitri Mazurov özü publikada gözə dəyməyi xoşlamır, ancaq onun biznesində sürətli sıçrayışı görməmək mümkün deyil.
Vladimir Kalaşnikov
Əlbətdə, 40 yaşlı Mazurov özü də diribaş adamdır. 1998-ci ildə Kazan universitetini bitirəndən sonra atasının köməyi ilə developer firmasında işə düzəlib. Ancaq ambisioz adam olan Mazurov daha qlobal layihələrlə maraqlanırdı və bu səbəbdən Moskvaya yerləşib neft-qaz alveri ilə məşğul olan şirkət açıb. Və son bir neçə ilə qədər Mazurovu neft-qaz biznesində tanıyanlar elə də çox deyildi, o, biznesdə iri fiqur hesab edilmirdi.
Ancaq sanballı dostların oldusa sürətlə qabağa getmək heç bir çətinlik törətməyəcək. Agentlik qeyd edir ki, Mazurovun biznesində böyümə “Yeqorov, Puqinski, Afanasyev və partnyorları” hüquq şirkətinin sahiblərindən biri Nikolay Yeqorovla ortaqlıqdan sonraya təsadüf edir. Yeqorov Antipinsk neftayırma zavodunda 20 faizlik paya malikdir. Sobyaninin partnyoru Vladimir Kalaşnikov isə zavodun 25 faizlik səhminin sahibidir.
Dmitri Mazurov
Araşdırmada Mazurovun Yeqorovla və Sobyaninlə ortaqlığının tarixçəsi haqda geniş məlumat verir. Yeqorov Putinin nüfuzlu dostlarından biridir, tələbə yoldaşıdır. Onun siyasi karyerasına təkan verən adamdır. Məhz Yeqorovun sayəsində Putin Sankt-Peterburq meri Sobçakın müşaviri təyin olunmuşdu.
Mazurovun biznesi təkcə “New Stream” şirkətlər qrupu ilə məhdudlaşmır. O, “İnterprombank”ın iri səhmdarıdır. Və bu bank işində Putinin daha bir tələbəlik dostu, Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədən olan yəhudi milyarderlər Qod Nisanov və Zarah İliyevin ortağı İlham Rəhimovun izlərinə rast gəlmək mümkündür. Mazurov bankın 21 faizlik səhmlərinə nəzarət edir. Bankın daha 20 faiz səhmi onun “New Stream” şirkəti üzrə partnyorlarına məxsusdur. Bankın ikinci ən iri səhmdarı yenə də həmin Qırmızı qəsəbədən olan milyonçu İsrail Yakubovdur. Və Yakubovun bankdakı səhmlərini idarə edən “Prom-İnvest” şirkəti İlham Rəhimovun şirkətlərindən biri ilə eyni hüquqi ünvanda qeydiyyatdan keçib.
Nikolay Yeqorov
İsrail Yakubovun hazırda ABŞ-da yaşadığı bildirilir. Onun adı bir müddət əvvəl Moskvada, Ümumittifaq Xalq Təsərrüfatı Sərgisi VDNX-nin ərazisində qanunsuz tikilmiş əfsanəvi villası ilə gündəmə gəlmişdi. Moskva meriyası villanın sökülməsi üçün mübarizə aparırdı. Yeri gəlmişkən həmin villa VDNX-nin Qod Nisanov, Zarah İliyev və İlham Rəhimov üçlüyü tərəfindən icarəyə götürülmüş hissəsində tikilib...
// Aktual.az