Bu gün (red-dünən)bir sıra saytlarda 2002-ci ildə Bakıda Rusiya Federasiyası Prezidenti Vladimir Putinə qarşı sus-qəsd cəhdinin qarşısının alınması haqqında informasiya yayılmışdır. Məlumatda bildirilir:
«2002-ci ilin yanvarında baş verən həmin hadisəyə vaxtı ilə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev və sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov da münasibət bildirmişdi.
"Terror aktını İraq vətəndaşı Kənan Rüstəmov törətməli idi. O, Əl-Qaidə lideri Üsəma bin Ladeninin adamları ilə də əlaqədə olub. Putinin səfərindən 3 ay öncə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ona qarşı Bakıda sui-qsədin planlaşdırıldığı barədə məlumat alır. Səfərin başlanmasına 10 gün qalmış isə MTN partlayıcılaırn Azərbaycan ərazisinə gətirildiyini müəyyənləşdirir”.
Proqramda bu vaxta qədər heç bir azərbaycanlı jurnalistin terrorçu ilə maraqlanmadığını və ondan müsahibə almağa maraq göstərmədiyi bildirilib.
Kənan Rüstəmovun Qobustanda xüsusi rejimli cəzaçəmkə müəssisəsində saxlanıldığı bildirilir».
Bu məsələ ilə bağlı kiçik aydınlıq gətirmək istəyən SAM-ın aparıcı elmi işçisi Araz Qurbanov öz statusunda bunları yazıb:
Araz Qurbanov
"Həmin İraq vətəndaşının adı «Kənan Rüstəmov» (?) deyil, əslən İraq kürdü olan Kanan Rostamdır. Muzdlu döyüşçü qismində Çeçenistanda, Əfqanıstanda əl-Qaidə sıralarında döyüşüb. Azərbaycanın xüsusi xidmət orqanları qabaqlayıcı tədbirlərlə cinayəti hazırlıq mərhələsində ifşa etmişlər.
Həmin dövrdə bu barədə Azərbaycanın, Rusiyanın və bir sıra xarici ölkələrin kütləvi informasiya vasitələrində kifayət qədər material yayılmışdır. Bundan başqa, Rusiyanın tanınmış jurnalisti Andrey Kondraşov (onun çəkilişlərinin təşkilatçısı olmuşam) isə yarım saatlıq xüsusi veriliş hazırlamışdır. Kənan Rostam Rusiya televiziyasına müsahibə verməkdən imtina etmişdir.
Bu baxımdan, Rusiya kanalının guya «heç bir azərbaycanlı jurnalistin terrorçu ilə maraqlanmadığı və ondan müsahibə almağa maraq göstərmədiyi» barədə fikirləri həqiqəti əks etdirmir.
Digər maraq doğuran məsələ bu hadisənin 14 il sonra yenidən gündəmə gəlməsidir."