Ekspertlərə görə, Paşinyanın Rusiyanın təkliflərindən imtinası Azərbaycanın maraqlarına uyğundur, çünki...
Bir həftə əvvəl Rusiya prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan münasibətləri də müzakirə mövzusu oldu, Kreml sahibi bununla bağlı növbəti dəfə ölkəsinin vasitəçilik missiyasını təklif etdi.
Putin Bakıda verdiyi vədə uyğun olaraq, Moskvaya qayıdan kimi Paşinyana zəng etdi və Əliyevlə danışıqlarla bağlı onu məlumatlandırdı.
Kremlin rəsmi məlumatında da qeyd olunur ki, Putin Paşinyana Rusiyanın Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin demarkasiyası və delimitasiyasında, həmçinin nəqliyyat və logistika əlaqələrinin açılmasında yardım etməyə hazır olduğunu deyib. Ermənistanda bu zənglə bağlı müzakirələr hələ də davam edir.
"Səfərdən bir neçə gün sonra Putin-Paşinyan telefon danışığı baş tutdu, amma görüşün təfərrüatları və nəticələri barədə ictimaiyyətə heç nə deyilmədi, quru və səssiz rəsmi açıqlama heç nəyi izah eləmədi. Axı Bakıda nə müzakirə olunub ki, nəticədə Ermənistan rəhbərliyi ilə də söhbət aparıldı və mövzu niyə ictimaiyyətə lazımınca çatdırılmadı?”, - deyə sual edilir.
İddialara görə, Paşinyan Putinin sülh danışıqlarının Moskvada davam etdirilməsi istəyini nəqliyyat və logistika əlaqələrinin Rusiyanın iştirakı ilə (Zəngəzur dəhlizində FTX-nin dayanması) açılmasını qəbul etməyib.
Yerli ekspertlərə görə, bu imtinalar Bakının maraqları fonunda Rusiya təzyiqinin İrəvana yönəlməsi baxımından sərfəlidir.
Bakı diplomatik manevrlə məsələni Moskva-İrəvan xəttinə yönəldir və Rusiyanın Ermənistana təzyiqinə zəmin yaradır. Mövcud vəziyyətdə nəqliyyat dəhlizlərinin Rusiya üçün həyati əhəmiyyətini nəzərə alanda İrəvana təzyiqin güclənəcəyi görünür.
Deputat Azər Badamovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı dövlət başçıları Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı məsələni müzakirə ediblər: "Vladimir Putin cənab Prezident İlham Əliyevlə etdiyi müzakirədən əmin oldu ki, Azərbaycan yenidən müharibə istəmir və Ermənistanla danışıqlar yolu ilə münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Putin görüş zamanı Moskvaya qayıdanda Paşinyana zəng edəcəyini və danışacağını bildirmişdi. Ona görə də Putin Moskvaya qayıdan kimi Paşinyana zəng etdi və Rusiyanın Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin demarkasiyası və delimitasiyasında, həmçinin nəqliyyat və logistika əlaqələrinin açılmasında yardım etməyə hazır olduğunu deyib. Moskvanın təklifini Paşinyanın qəbul etməyəcəyi məlum məsələ idi. Çünki Paşinyan hər bir vasitə ilə Rusiyadan uzaqlaşmağa və Qərbə yaxınlaşmağa çalışır. Bu baxımdan Zvartnos hava limanından Rusiya hərbiçilərini çıxartdı. Hətta Zəngəzur dəhlizi açılacağı təqdirdə də Paşinyan bu dəhlizə nəzarəti Rusiyaya vermək niyyətində deyil. Biz bilirik ki, son zamanlar Ermənistana Qərbdən çoxlu silahlar və təlim adı ilə hərbiçilər gəlir. O cümlədən ABŞ-ın nümayəndəsi Ermənistanın Müdafiə Nazirliyində yerləşdirilib. Ermənistanın siyasəti Azərbaycanla sülh müqaviləsinin imzalanmasını süni şəkildə uzatmaq və ölkəni hərbiləşdirməkdir. Ermənistan bir neçə stolda oturmaq siyasətini davam etdirir. Nəticədə isə heç bir stolda otura bilməyəcəklər və ayaqlar altında qalacaqlar”.
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Putinin uzun müddət Ermənistanın nazı ilə oynamayacağını qeyd etdi: "Rusiya prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri zamanı Ermənistan-Azərbaycan münasibətlərinə dair verdiyi açıqlama birbaşa mesaj idi ki, Rusiyanın razılığı olmadan hər hansı bir sülhün əldə olunmasından söhbət gedə bilməz. Putin həm də bununla Qərbə mesaj verir ki, Ermənistan Rusiyasız heç bir addım ata bilməz. Azərbaycandan qayıdandan sonra Putinin Paşinyana etdiyi zəng Azərbaycanla sülh prosesinin başlanması üçün delimitasiyanın və demarkasiyanın, o cümlədən də kommunikasiyaların qurulması işi sürətləndirilməlidir. Bu gün hamıdan çox logistika əlaqələrinin qurulması Rusiyaya lazımdır. Asiya ilə, o cümlədən Türkiyə və İranla quru əlaqələrinin yaradılması birbaşa Rusiyanın maraqlarına cavab verir. Rusiya Qərbin sanksiyalarından əziyyət çəkir, həmçinin Ukrayna ilə müharibə aparır. İqtisadiyyatı hər gün zəifləyir. Belə bir vəziyyətdə Rusiya Paşinyanın nazı ilə çox oynamaq fikrində deyil. Putin çox yaxşı bilir ki, Ermənistan Qərbin tapşırığı ilə müxtəlif bəhanələrlə prosesi uzadır, zaman udmaq istəyir. Bu gün nə Qərb, nə də Ermənistan Azərbaycanla sülh bağlamaq istəmir. Azərbaycan Ermənistana təzyiqi artırmalıdır. Biz unutmamalıyıq ki, 2020-ci ilin noyabr bəyannaməsini üç tərəf imzalayıb. Ermənistan öhdəlik götürüb. Digər imza atan tərəf Rusiyadır. Buna görə də Ermənistan öz öhdəliklərini yerinə yetirməlidir.”
Siyasi analitik Asif Nərimanlı Kremlin Amerikanın bölgəyə gəlişinin qarşısını almaq üçün Azərbaycan-Ermənistan sülh danışıqlarında təşəbbüsü yenidən ələ almaq niyyətində olduğunu vurğuladı: "Rusiya üçün mövcud vəziyyətdə Cənubi Qafqaz həm də nəqliyyat dəhlizləri uğrunda mübarizənin əsas coğrafiyalarındandır. Çünki bu bölgədə zəifləmək Şimal-Cənub nəqliyyat dəhlizinə problemlər yarada, o cümlədən Orta dəhliz üzərindəki mövqelərinə təsir edə bilər. Hər iki məqam bir-biri ilə sıx bağlıdır. Putinin Bakı səfərinin ştrixlərindən biri də bu idi. Moskva bölgədə aktivləşən ABŞ-ın önünü kəsmək üçün Azərbaycan-Ermənistan danışıqlarında təşəbbüsü yenidən ələ almaq istəyir, çünki regiondankənar qüvvələr məhz bu məsələ üzərindən bölgəyə müdaxilə edə bilirlər. Moskva təklif edir ki, Bakı-İrəvan sülh danışıqları Rusiyada davam etdirilsin, həmçinin sərhədin delimitasiyası və kommunikasiyası məsələsində rusların iştirakı qəbul olunsun. Rəsmi Bakı Moskva danışıqlarına yox demədi, halbuki Azərbaycan əvvəldən ikitərəfli formata üstünlük verir. Çünki İrəvanın Moskvanın təklifini qəbul etməyəcəyi aydındır. Birincisi, Rusiya masasındakı gündəlik Ermənistanın mövcud istəklərinə uyğun gəlmir. İkincisi, bölgədə Ermənistan üzərindən möhkəmlənən Qərb İrəvana Moskvaya getməyə icazə vermir. Bu halda Ermənistan imtina edən tərəf kimi Rusiyanın hədəfinə çevrilir. Putinin Paşinyana zəngi ilə bağlı rəsmi açıqlamalardan görünür ki, İrəvan Moskvanın istəyini rədd edib. Bu, Rusiyanın Ermənistanla bağlı siyasətinin kəskinləşməsinə zəmin yaradacaq. Fikrimcə, bu, Azərbaycanın maraqlarına uyğundur, çünki Ermənistanı silahlandıran Qərb oyunçularının qarşısına Rusiyanın çıxması və Azərbaycanın bu qarşıdurmada yer almaması vacibdir”.(musavat.com)
Xəbər 437 dəfə oxunub.