Putin Əsədi nəyə görə müdafiə edir... - Tarixi sirr

Putin Əsədi nəyə görə müdafiə edir...  - Tarixi sirr

Neft hasilatını bu ilin yanvar ayına olan səviyyədə dondurmaq barədə Rusiyanın başlatdığı təşəbbüsə bu gün Azərbaycan da qoşulub. SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan bu il ərzində neft hasilatını artırmağı planlaşdırmır. Ötən həftə sonu Rusiyanın energetika naziri Aleksandr Novak Azərbaycan və Qazaxıstan kimi hasilatçı ölkələri də “hasilatı dondurmaq” təşəbbüsünə qoşulmağa çağırmışdı.

Aktual.az virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan əvvəllər neftin qiymətinin enməsini dayandırmaq üçün hasilatı azaltmaq barədə təşəbbüslərə heç vaxt müsbət yanaşmadığı halda indi “dondurma” təşəbbüsünə qoşulur. Və belə görünür ki, bu hasilatı “dondurmaq” təşəbbüsü ortada heç bir konkret razılaşma olmasa belə birjalarda hasilatçı ölkələrə lazım olan effekti verir: artıq üçüncü həftədir ki, neftin qiyməti artmaqdadır və ötən həftənin son hərraclarında “Brent” markalı neftin barreli 38 dolları keçmişdi.

Hansı ki, cəmi bir ay əvvəl nüfuzlu analitiklər, aparıcı investisiya bankları neftin qiymətinin “dibə vuracağını”, hətta 10 dollara enəcəyi haqda fəlakət proqnozları irəli sürürdülər. Əslində belə proqnozlar üçün tamamilə tutarlı əsaslar da vardı. Bazarda gündəlik təklif tələbatı 2-2.5 milyon barrel üstələyirdi. Sanksiyalardan azad olan İran neft ixracını gündə azı 1 milyon barrel artırmaq üçün hərəkətə keçmişdi.

Qiymətin kəskin aşağı düşməsinə baxmayaraq ABŞ-ın şist neft hasilatçıları müflis olmurdular. Dünyanın aparıcı neft hasilatçısı olan Səudiyyə Ərəbistanı heç bir halda qiyməti artırmaq naminə hasilatı azaltmayacağını bildirirdi. Bir sözlə, neftin yenidən bahalaşacağına heç bir ümid yeri görünmürdü. Ucuz neft üzündən ciddi böhran keçirən Venesuela defoltun bir addımlığında idi. Azərbaycan isə 2016-cı il üçün dövlət büdcəsinə yenidən baxaraq neftin barelini 25 dollardan götürdü.

Ancaq deyəsən möcüzə baş verməkdədir. Neft yenidən bahalaşır və qiymətin yenidən üçrəqəmli ədədlə ifadə olunacağı günlər arxada qalsa da hər halda optimal həddə-40 dollara yaxındır. Bu, nəyin hesabına baş verir? Bəlkə bazarda tələb təklifi üstələyib? Axı normal halda qiymət tələbin təklifi üstələdiyi halda artmalıdır.

Son rəqəmlərə görə tələblə təklif arasında nisbət praktiki olaraq dəyişməyib. Bazara yenə də gündə tələbatdan 2 milyon barrelə yaxın artıq neft çıxarılır. Yenə də bütün anbarlar dolub daşır, treyderlər aldıqları nefti açıq dənizlərdə tankerlərdə saxlayırlar. Qiymət isə artır. Və belə görünür ki, növbəti həftənin ilk hərraclarında da artım qeydə alınacaq.

Analitiklər neftin qiymətinin indiki nisbi artımına iki amilin təsir etdiyini deyirlər. Bunlardan biri OPEC ölkələrində gündəlik hasilatın təxminən 280 min barrel azalması, o cümlədən ABŞ-da neft hasilatının bir qədər aşağı düşməsi, bunun fonunda Birləşmiş Ştatlar iqtisadiyyatında müsbət dinamikanın davam etdiyini və beləliklə də neftə tələbatın artacağını deməyə əsas verən statistikadır.

Digər mühüm amil isə Rusiya prezident Vladimir Putinin hasilatı “dondurmaq” təşəbbüsüdür. Hansı ki, bu təşəbbüs fevralın 16-da Qətərdə müzakirə edildi. Mətbuata elan verildi ki, Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər hasilatı yanvar ayı səviyyəsində dondurmaq barədə şifahi razılaşma əldə ediblər. Ancaq bir şərtlə ki, başqa hasilatçı ölkələr də bu təşəbbüsə qoşulsunlar. Hərçənd ki, daha sonra Səudiyyə Ərəbistanı rəsmiləri hasilatın azaldılmasına yönəlmiş təkliflərə dəstək verməyəcəyini təkrarladı.

Beləliklə, aydın olmadı ki, dörd hasilatçı ölkə Dohada nəyi razılaşdırıblar? Bu razılaşma ancaq sözdən ibarətdir, yoxsa hansısa mexanizmə əsaslanacaq? Həm də bu dondurmaq məsələsi nədir axı? Onsuz da qiymətlərin kəskin aşağı düşdüyü bir vaxtda hasilatçı şirkətlərin əksəriyyəti investisiyaları ixtisar edir və nəticədə hasilatı artırmaq fiziki olaraq mümkün olmur. Başqa sözlə, hasilatın müvəqqəti dondurulmasına razılaşalar belə şirkətlər heç nə itirmirlər. Məsələn, SOCAR Xəzərdəki “Günəşli” yatağındakı platformalardan birində baş vermiş qəza səbəbindən onsuz da bu il hasilatı artıra bilməyəcək, əksinə, hasilatın azalacağı gözlənilir.

Lakin “boş sözdən” ibarət olan bu şifahi razılaşma barədə xəbərlərin KİV-lərdə uğurla tirajlanması, əla PR öz işini gördü-qiymət artmağa başladı. Doha görüşünün ardınca Rusiya rəsmiləri bildirdilər ki, martın 20-dən sonra Sankt-Peterburqda, yaxud Moskvada OPEC üzvü olan ölkələrlə kartelə daxil olmayan hasilatçı ölkələrin böyük toplantısını keçirmək, orada hasilatı dondurmaq məsələsisini müzakirə etmək nəzərdə tutulur. Və bu xəbərin özü də birjalarda dərhal effekt verdi. Hərçənd ki, OPEC-in qərargahında həmin görüşə dair razılaşma barədə məlumatsız olduqlarını deyirdilər.

OPEC-dən təkzib gələndən sonra Rusiyanın energetika naziri A.Novak böyük toplantı barədə yeni açıqlama verərək dedi ki, həmin toplantını aprelin 1-nə qədər keçirmək nəzərdə tutulur. Toplantının harada keçiriləcəyi isə hələ məlum deyil. Nazir Rusiyanın belə toplantıya ev sahibliyi etməyə hazır olduğunu bildirdi. Venesuela prezidenti Nikolas Maduro da hasilatı dondurmaq kampaniyasının əsas fəallarından biri kimi tez-tez bəyanatlar verir, OPEC ölkələri ilə kartelə üzv olmayan iri hasilatçıların neft istehsalını artırmamaq barədə razılaşmaya yaxın olduğunu bildirir.

Və prezident Vladimir Putinin ötən həftə ölkənin neft şirkətlərinin bosslarını Kremlə toplayaraq onları hasilatı dondurmağa çağırması da şübhəsiz ki, qiyməti artırmağa hesablanmış təbliğat kampaniyasının tərkib hissəsi idi. Rusiya neft şirkətləri hasilatı azaltmaqda maraqlı olmadıqlarını Putinlə görüş ərəfəsində dilə gətirdilər, ancaq görüşdən sonra elan edildi ki, şirkətlər hasilatı dondurmaq ideyasına dəstək verir.

Beləliklə, Putin təkcə Suriyada Bəşər Əsədi xilas etməklə məşğul deyil, o, deyəsən nefti də xilas edir və ən azından qiymətin dibə vurmasını dayandırmağa nail olur...

// Aktual.az

Xəbər 6623 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR