Rusiya prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.
Aktual.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:
“Sizi Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm.
9 may Rusiyanın və Azərbaycanın ümumi tarixində şanlı gündür. Bu tarix Qələbə naminə döyüş meydanlarında faşizmə qarşı çiyin-çiyinə vuruşmuş və arxa cəbhədə fədakarcasına çalışmış xalqlarımızın birliyinin və misilsiz qəhrəmanlığının əbədi rəmzi olaraq qalacaq. İndiki nəsillərin borcu bu dəhşətli müharibədə həlak olanların parlaq xatirəsini qayğı ilə qoruyub saxlamaq və keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir.
Əminəm ki, zamanın sınağından çıxan dostluq bağları bundan sonra da Rusiya-Azərbaycan strateji əməkdaşlığının möhkəmlənməsinin sarsılmaz təməli olacaq.
Hörmətli İlham Heydər oğlu, xahiş edirəm, ən səmimi minnətdarlıq sözlərimi, cansağlığı, firavanlıq və uzun ömür arzularımı Böyük Vətən müharibəsinin Sizin ölkənizdə yaşayan bütün veteranlarına çatdırasınız”.