Nübar Lətifli
“Qara şənbə” kimi tarixə düşən dollar və AZN məzənnəsi arasında yaranmış bu uçurum insanların və əlbət dövlətin əsas mübahisə qaynağı olub. Ən çox istifadə edilən internet xəbər saytları, mətbuat orqanları, televiziya kanalları bu işi araşdırıb- araşdırmadan ictimaiyyətin yaralı yerinə ya su səpirlər, ya da duz basırlar. Mən bu yazımda sadəcə aləmi bir- birinə qatan, dünyada mövcud olandan insanlar arasında təbəqə yaradan Puldan danışacam.
Dünya yaranandan tələbatdan asılı olaraq mübadilə ilə insanlar lazım olan şeyləri əldə edirdilər. Və daha sonra bunun müxtəlif qiymətli daşlar, metallarla əvəzlənməsi oldu. Ilk əskinaz Çində hazırlanıb. Və zaman keçdikcə pul dəyərini insanlar üçün daha da artırdı. Indiki dövrə insanlar üçün pul müxtəlif mənalar daşıyır. Bu hisslər sevgidir, tələbatdır, ya zərurət?
Bunu öz şəxsimdə çox düşünmüşəm. Ətrafımda apardığım təcrübələrdə pul haqqında bu saydıqlarımın müxtəlif xarakterlər arasında dəyişdiyini görmək olur. Bəziləri düşünür ki, pul nəqədər çox olsa, istəyirlər daha da çox olsun. Bəziləri isə “Pul əl çirkidir.” deyir. Məncə bu söz boşdur. Görəsən pula imtina edən, çirk kimi düşünən biri varmı? Sizin özünüzdə nə dediyinizi bilmirəm, lakin mən buna yox cavabı verirəm. Çünki həqiqətəndə pula heçkəs yox demir.
Varlılar pula xüsusi sevgi duyurlar, hətta o qədər çox olur ki, bəziləri təzimə belə keçir. Bəzi varlılar pul mövzusunda gözlərini doydura bilmirlər. Bir gəlir necə yaxşı, min gəlir necə gözəl, milyard gəlir möhtəşəmdir möhtəşəm...
Bəzən fikirləşirəm ki, milyonları, milyardları olan insanlar görəsən birinin ac olduğunu düşünə bilirlər? Buna aid bir lətifəni xatırladım, orda deyildiyi kimi “ 1günlük varlı olsaydım bilərdim dəyişirəm, ya yox.” Varlılardan çox yazmaq olar. Onların pul sevgisi isə bitməz, tükənməzdir.
İkinci variantım orta təbəqədir. Orta təbəqədə pul tələbatdır. Tam dərindən düşünəndə hamı üçün təlabat görünən pul əsas orta təbəqəyə niyə aiddir? Elə cavabını sizi əziyyətə salmadan öz fikirlərimlə özüm verim. Varlı bir şeyi alanda həmişə bahalısını axtarır, hətta elə olur ki, heç qiymətini soruşmur. Amma orta təbəqənin insanı aylıq hesablamasını, gəlirinə müvafiq bölgülərini edir. Pulu o qədər dəqiqliyi ilə hesablayır ki, o qədər siyahıya salıb sonra sildiyi kateqoriyalar olur ki...
Əslində bu dünyanın özü elə qəribədir. Biri 150.000 dollarlıq maşında gəzir, biri 150.000 dollarlıq ev alır, biri isə 50 il, hətta 70 il yaşayır 50.000 dolları bir arada görə bilmir... Deyirəm pula ehtiyac kimi baxan yazıq kasıb neyləsin? Yaşamağına pul, yediyi çörəyini almağa pul lazımdır. Yəqin ki, kasıb insanlar pula nifrət edər. Üzünü görmək istəmədiyi biriylə yaşamaq, birgə işləmək məcburiyyətində qalmaq kimidir kasıb biri üçün “Pul” məfhumu. Kasıb deyəndə əyləncə, əlavə arzuları heç nəzərdən keçirməyən, yalnız yaşaması üçün lazım olan şeyləri alması üçün pul qazana bilən və hətta bir çox hallarda qazana bilməyən insanları nəzərdə tuturam. Kasıb deyəndə özü yaşayacaq, ailəsini yaşadacaq evi olmayan, aylarla üstünə paltar ala bilməyən, qazanında günlərlə eyni yemək bişən, ət yeməyini ayda bir dəfə də olsa bişirə bilməyən insanları nəzərdə tuturam. Və kasıb deyəndə bunlara baxmayaraq yenə də kiməsə əl açmayan, müftəxorluq etməyən, öz zəhməti ilə fəhlə, usta və daha ağır işlərdə çalışıb, amma işinin ağırlığı ilə müqayisədə çox az pul alan insanları nəzərdə tuturam.
Onlar üçün pul tələbatdır, çox pul isə həsrətdir. Həm də (bəzi istisna insanları çıxmaqla) heç reallaşmayan həsrət.
Bir kağız parçası insanları təbəqələrə bölə bilir. Həyatın qanunudur sanki bu bölgü. Bir kağız parçası insanları ayıra bilir. Və insanlar kağız parçasını heç vaxt paylaşmaq istəmirlər.
Fikirləşirəm də, bu məzənnə məsələlərində nə qədər AZN itirənlər, onların sözüylə desək uduzanlar oldu. Halbuki, itirdiklərini, uduzduqlarını ehtiyacı olan insanlarla bölüşməyi bacarsaydılar çox şey qazanmış olardılar. Hər şeyi bölüşməyə çalışsaq, ən əsas da bəziləri üçün bu dünyanı idarə edən kağız parçasını-“PUL”u... Bəlkə də -əşi- deyib gülürsünüz. Amma unutmayaq ki, bu dünyadan başqa o dünya da var...
İnansaq da, inanmasaq da şahidi olduğumuz ölüm var...